Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrasına uyğun olaraq fevralın 27-də muxtar respublikanın Dövlət Baytarlıq Xidmətində Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq təbabəti ixtisasında təhsil alan tələbələri ilə görüş keçirilib.
Tələbələr xidmətin iş prosesi ilə tanış olublar. Əvvəlcə xidmətin tədris sinfində tələbələrə əyani olaraq heyvanların anatomik quruluşu izah olunub. Elmi-Tədqiqat Baytarlıq Mərkəzinin əməkdaşı Şəmsəddin Nağıyev tələbələrə “Baytarlıqda laboratoriya işinin təşkili” mövzusunda mühazirə oxuyub.
Mərkəzin direktoru Qadir Fərhadov süni mayalanma istiqamətində görülən işlər və bu sahədə son dövrlərdə əldə olunan nailiyyətlərdən danışıb. Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 22 fevral tarixli Sərəncamı muxtar respublikada süni mayalanma işinə təkan verəcək, heyvandarlığın inkişafına şərait yaradacaq.
Sonra tələbələr baytarlıq vasitələri ilə əyani tanış olublar, süni mayalanma avadanlıqlarına və laboratoriyadakı müayinə-müalicə vasitələrinə, cərrahi əməliyyat otaqlarına baxıblar.
Sonda Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov muxtar respublikada keyfiyyətli baytarlıq xidmətinin təşkili barədə məlumat verib.
Ramiyyə ƏKBƏROVA