Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 7 nömrəli tam orta məktəbdə Azərbaycanın görkəmli maarifçi-ziyalısı, yazıçı-publisist Eynəli bəy Sultanovun həyat və yaradıcılığına həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Aygün Hüseynova açaraq Eynəli bəy Sultanovun zəngin və çoxcəhətli yaradıcılıq fəaliyyəti ilə xalqımızın ədəbi-mədəni tərəqqisinə unudulmaz töhfələrindən bəhs edib.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov Eynəli bəy Sultanovun geniş ictimaiyyətə tanıdılmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 15 fevral tarixdə imzaladığı “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamın əhəmiyyətindən danışıb.
Qeyd olunub ki, Eynəli bəy Sultanovun “Məqalələr” kitabının “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilməsi görkəmli yazıçı-publisistin yaradıcılığına verilən yüksək qiymətin nəticəsidir.
Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Əsgərova və X sinif şagirdi Aysel Hüseynovanın çıxışları dinlənilib, maarifçi-ziyalının həyat və yaradıcılığı ilə bağlı suallardan ibarət viktorina keçirilib.
Sonda qaliblər diplomlarla mükafatlandırılıblar.
Gülcamal TAHİROVA