23 Dekabr 2024, Bazar ertəsi

Hər bir ölkənin inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa gələcəyin etibarlı təminatı olan kadr hazırlığından asılıdır. Məhz buna görə də bu gün ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda gənc kadrların hazırlanmasına, onların işlə təmin olunmasına, potensial­larından səmərəli istifadəyə xüsusi diqqət yetirilir. 

Ulu öndər Heydər Əliyev də həmişə gənc nəslə böyük ümidlər bəsləyib, onlarla görüşlərində, mötəbər tədbirlərdəki çıxışlarında Azərbaycanın gələcəyi olan gənclərin hərtərəfli yetişdirilməsi üçün təhsilin ən vacib və zəruri məsələlər sırasında olduğunu vurğulayırdı. Bu vacib məsələnin həllində təhsil ocaqlarının və müəllimlərin üzərinə böyük vəzifələr düşür. Yaxşı haldır ki, belə müəllimlər içərisində gənclər də çoxluq təşkil edir. Onlar şagirdlərin dərin və hərtərəfli təhsil almaları, yaşadıqları dövrün problemlərindən çıxış yolu tapmaları üçün öz bilik və bacarıqlarını əsirgəmirlər.
Belə müəllimlərdən biri də Naxçıvan şəhərindəki ­Afiyəddin Cəlilov adına 12 nömrəli tam orta məktəbin dərs hissə müdiri Günel Əliyevadır.
Günel Əliyeva 1989-cu ildə Naxçıvan şəhərində dünyaya göz açıb. O, orta məktəbdə təhsil aldığı müddətdə şagirdlər arasında seçilib, keçirilən fənn olimpiadalarında, viktorinalarda, digər bilik yarışmalarında iştirak edərək yaxşı nəticələr qazanıb.

2008-ci ildə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasına qəbul olan və ali təhsilini uğurla başa çatdıran Günel Əliyeva ilk pedaqoji fəaliyyətə Məhəmməd Tağı Sidqi adına Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə başlayır. Bir müddət sonra fəaliyyətini Afiyəddin Cəlilov adına Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə davam etdirir. Qısa zamanda işə bağlılığı və bacarığı nəzərə alınaraq o, həmin məktəbin dərs hissə müdiri təyin edilir. Onunla söhbətimizdən:
– Müəllimlik olduqca şərəfli peşədir. Cəmiyyətdə müəllimlərə həmişə böyük hörmət olub. Ulu öndər Heydər Əliyev müəllim adını uca tutur, müəllimliyi bütün peşələrdən ən şərəflisi hesab edirdi. Ümummilli liderimiz deyirdi: “Həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və mənəviyyatını hər şeydən yüksək tutubdur”.
Mən hər zaman əldə etdiyim bilikləri şagirdlərə öyrətmək arzusunda olmuşam. Artıq bu arzuma çatmışam. Müəllim öz peşəsini sevməlidir. Əks halda, o, istədiyi nəticəni ala bilməyəcək. Pedaqoji fəaliyyət göstərdiyim illərin təcrübəsindən mənə aydın olub ki, müəllimlik olduqca çətin peşədir. Şagird olduğumuz illərdə, yaxud da tələbəlikdə bunun fərqində olmuruq. “Müəllim” sözünün arxasındakı məsuliyyəti, çətinliyi yalnız böyüdükdən, yaxud da özümüz müəllim kimi işlədikdən sonra anlayırıq.
Müəllim şagirdlərin dostu, sirdaşıdır, həmçinin onların elmin çətin və mürəkkəb yollarında düzgün addım atmasında bələdçidir. Müəllimin qazancı şagirdlərinin uğurlarıdır. Şagirdin uğuru müəllimin onun üzərində olan bütün əziyyətlərini unutdurur. Sevinirəm ki, bu gün öz ölkəmə, xalqıma müəllim kimi layiqincə xidmət edirəm. “Mən dünyada müəllimdən yüksək ad tanımıram”, – deyən ulu öndərimiz Heydər Əliyev biz müəllimlər qarşısında böyük bir vəzifə qoyub. Bu gün dövlətimiz bu peşə sahiblərinə böyük qayğı və diqqət göstərir, onların əməkhaqları ilbəil artır, qabaqcıl müəllimlərə Prezident təqaüdü verilir. Müəllimlərimizin bir çoxu son illər “Əməkdar müəllim” fəxri adına layiq görülüb, “Tərəqqi” medalı ilə təltif olunublar. Bu sırada gənclərimizin də olması qürurvericidir. Biz gənc müəllimlərə göstərilən qayğı muxtar respublikada dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinin ifadəsidir. Sirr deyil ki, bu gün Naxçıvan gəncliyi öz inkişafının yeni mərhələsindədir. Bütün bunlar isə bizi həm bir təhsil işçisi, həm də bu ölkənin vətəndaşı olaraq çox sevindirir.
Günel müəllimə deyir ki, bu gün də ulu öndərin təhsilə, müəllimə qayğıkeş münasibəti dövlətimizin siyasətində önəmli yer tutur və gənc müəllimlərimiz də bu qayğıdan bəhrələnirlər. Onlar təhsilin keyfiyyətini yüksəltmək, gələcəyin sağlamdüşüncəli qurucularını yetişdirmək üçün səylə çalışırlar. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Müəllimlər yeni cəmiyyət quruculuğunun ən fəal iştirakçılarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. Müəllimlik elə bir şərəfli peşədir ki, ondan bütün cəmiyyət bəhrələnir. Ona görə də hər bir müəllim öz çiyinlərində bu ağır yükü daşımağı bacarmalıdır. Naxçıvan şəhərinin 2018-ci il Gənclər Paytaxtı elan edilməsi biz gənc müəllimlərin məsuliyyət hissini daha da yüksəldib. Çalışacağam ki, 2018-ci il mənim üçün də daha uğurlu illərdən biri olsun.

 Fatma BABAYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR