Təkcə yaşadığı Şərur rayonunun deyil, muxtar respublikanın da ictimai həyatında fəal ziyalı kimi tanınan Yeganə Məmmədovanın fəlsəfə doktoru alimlik dərəcəsi aldığını eşidəndə akademik İsmayıl Hacıyevin bir qənaətini xatırladım: Muxtar respublikada elmin, təhsilin inkişafına böyük diqqət və qayğının nəticələrini hər addımda görmək olar. Əgər 15-20 il bundan əvvəl regionda fəlsəfə və ya elmlər doktorları barmaqla sayılırdısa, həmçinin onlar ali və orta ixtisas məktəblərində çalışırdılarsa, bu gün artıq orta məktəblərimizdə dərs deyən müəllimlər də elmi tədqiqatlar aparır, dissertasiya müdafiə edirlər...
Haqqında söhbət açacağımız Yeganə Məmmədova Şərur rayonunda anadan olub. Aşağı Yaycı kənd tam orta məktəbini bitirib. Ali təhsilini indiki Naxçıvan Dövlət Universitetində alıb. 2001-ci ildə həmin məktəbdə direktor vəzifəsinə irəli çəkilib. Muxtar respublikada təhsilin inkişafındakı səmərəli xidmətlərinə görə “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülüb. Dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə deputat seçilib.
Yeganə xanımın qısaca tərcümeyi-halı bunlardan ibarətdir. Ancaq layiq görüldüyü təltiflərin, etimad göstərildiyi vəzifələrin arxasında onun öz sənətinə və vəzifəsinə hörmət, məsuliyyət hissi, dərs dediyi şagirdlərə hərtərəfli bilik vermək və nəcib mənəvi amallar aşılamaq, onları dövlətimizə, dövlətçiliyə, Vətənimizə sədaqət ruhunda tərbiyə etmək kimi məsələlər dayanır. O, bunların öhdəsindən gəlmək üçün səy və bacarığını əsirgəmir. Keçdiyi ömür yoluna baxarkən şərəfli müəllim adı daşıdığından zövq alır.
Öz sözü: – Xalqımız hər zaman müəllimə ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi baxıb, bu sənət sahiblərinə böyük hörmət və yüksək ehtiram göstərib. Tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir insan cəmiyyətdəki mövqeyinə, şəxsiyyət kimi formalaşmasına, qazandığı biliklərə görə özünü məhz müəllimlərinə borclu sayır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirir, diqqət və qayğısını onlardan əsirgəmirdi. Çünki onlar insanı kamillik zirvəsinə qaldırmaq kimi böyük bir vəzifəni – gənclərin təhsili, təlim-tərbiyəsi, cəmiyyət və dövlət üçün yararlı vətəndaş kimi yetişdirilməsi missiyasını həyata keçirirlər. Müdriklərin belə bir sözü yadıma düşür: “Hər bir millətin mədəni tərəqqisi təhsillə, təhsilin tərəqqisi isə müəllimlərlə bağlıdır”. Bu baxımdan yanaşaraq qeyd etməliyəm ki, orta məktəb təkcə bilik, savad verməməlidir. Məktəb, müəllim qarşısında duran ən böyük vəzifə əsl vətəndaş tərbiyə etməkdir. Müəllim həmişə əsl insan, yaxşı məzun yetişdirməyə çalışır. Aqillər deyiblər ki, uşaq beyni ağ vərəqə bənzəyir. Oraya nə yazılsa, əbədi qalar. Demək, sağlamfikirli, aydındüşüncəli, cəmiyyət üçün gərəkli övladlar böyütmək üçün o ağ vərəqə xeyirxahlıq, vətənpərvərlik, saflıq, səmimiyyət bildirən hissləri hopdurmalıyıq. Bütün bunları öyrənmək üçün bir məkan – məktəb, öyrətmək üçün isə bir insan var – müəllim. Müəllim tərbiyə verən, öyrədən, eyni zamanda öyrənəndir. Bu da bir həqiqətdir ki, təhsilin hərtərəfli yüksəlişində, təlim-tərbiyə prоsesində qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsində təkcə məktəbin, təhsil ocağında çalışan pedaqоji heyətin əməyi kifayət deyil. Uşaqların gələcəyin savadlı mütəxəssisi, layiqli vətəndaşı kimi fоrmalaşması üçün bütün cəmiyyət maraqlı оlmalıdır, xüsusən də məktəblə ailənin birgə fəaliyyəti təmin edilməlidir. “Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır”, – deyən ulu öndərimizin müdrik tövsiyəsi belədir ki, əsl pedaqoq оlmaq, şagirdlərə hərtərəfli bilik vermək, оnları nəcib mənəvi amallara sədaqət ruhunda yetişdirmək üçün müəllimin özü bu yüksək keyfiyyətləri dərindən mənimsəməli, şagirdlərinə nümunə оlmalıdır.
Yeganə Məmmədovanın bu fikirlərinin təsdiqini direktoru olduğu məktəbdə bütün çalarları ilə görmək mümkündür.
2008-ci ildə istifadəyə verilən 224 şagird yerlik məktəbdə hazırda 116 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 17 müəllim məşğul olur. Bu təhsil ocağı muxtar respublikanın ön sırada gedən məktəbi kimi tanınıb. Təhsil ocağında müasir tədris üsullarına geniş yer verilməsi, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsi, valideynlərlə sıx əlaqə, məktəbdaxili bilik yarışlarının, viktorinaların, kitab müzakirələrinin, kəndin, rayonun adlı-sanlı yetirmələri, müharibə veteranları, ali məktəblərdə təhsillərini davam etdirən məzunlarla görüşlərin təşkili təhsil ocağının başlıca iş prinsipləridir və qazanılan uğurlarda bu tədbirlər əsas rol oynayır. Təhsil prosesində, məktəbdənkənar və sinifdənxaric tədbirlərdə müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin hər bir azərbaycanlı üçün örnək olan mənalı həyat yolu və siyasi fəaliyyətinin, milli-mənəvi dəyərlərimizin, şərəfli tariximizin öyrənilməsi ön plana çəkilir. Bu işdə məktəb kitabxanasının rolu da qeyd olunmalıdır. Kitabxanada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitablardan ibarət sərgi təşkil olunub, “Nizaminin hikmət və nəsihətləri”nin müzakirəsi keçirilib.
Rayon Təhsil Şöbəsinin əməkdaşı İbrahim Yusifov deyir ki, bu məktəb dünən nail olduğu nəticə ilə arxayınlaşmır, bunu son hədd hesab etmir, bundan da böyük uğurlar qazanmağa çalışır. Təhsilin səviyyəsinin yüksəldilməsinə və əsl vətəndaş yetişdirilməsinə məhz bu cür yanaşma ilə nail olmaq istəyən kollektivin göstəriciləri getdikcə artır. Ötən il məktəbin 11 məzunu ali və orta ixtisas məktəblərinin tələbəsi adını qazanıb. Təhsil ocağında belə bir ənənə də formalaşdırılıb ki, il ərzində onlarla bir neçə dəfə görüş təşkil edilir. Tələbələrlə söhbətlər şagirdlərin elmə, təhsilə marağını daha da artırır, tələbə olmaq üçün ciddi çalışmağa, yüksək bilik almağa sövq edir...
Təbii ki, məktəbin iş prinsipinin əsasında Yeganə Məmmədovanın kollektivin gücündən bacarıqla istifadə etməsi durur.
Bu da qeyd olunmalıdır ki, Yeganə müəllimənin işi məktəblə məhdudlaşmır. O, rayonda fəal ictimaiyyətçi kimi tanınır. Belə ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri kimi üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirməyə çalışır.
Öz sözü: – Bu gün Azərbaycan qadını tək ailə ocağını deyil, həm də cəmiyyətin ağırlıqlarını çiynində daşıyan qadındır. Ömrü boyu qadına böyük hörmət, dərin ehtiram bəsləyən ulu öndərimiz cəmiyyətdə qadının rolunun artmasına diqqətlə yanaşırdı. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda dövlət qadın siyasəti uğurla həyata keçirilir.
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri kimi üzərinə düşən vəzifənin yerinə yetirilməsində şura üzvlərilə birgə fəaliyyəti öz nəticəsini verir. Üzvlər idarə, müəssisə, təşkilatlarda olur, qadınlarla görüşüb onların problemləri ilə maraqlanır, dövlətimizin qadınların cəmiyyətdəki fəal roluna yaratdığı şəraitdə qarşıda duran vəzifələr barədə söhbətlər aparırlar.
Söhbətimizin əvvəlində qeyd etmişdik ki, Yeganə Məmmədova dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib. Bu da onun rayon ictimaiyyəti arasında qazandığı nüfuzun ifadəsidir...
...2017-ci ilin may ayı onun tərcümeyi-halında özünəməxsus yer tutan bir məqamla yadda qalıb. Yeganə Məmmədova akademik İsmayıl Hacıyevin elmi rəhbərliyi, tarix üzrə elmlər doktoru, professor Oqtay Sultanovun, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayevin opponentliyi ilə “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərinin inkişaf tarixi: 1993-2015-ci illər” mövzusunda dissertasiya müdafiə edib. Yeganə Məmmədovanın bu mövzuya müraciətini də onun bütün qəlbi ilə təhsilə bağlılığının ifadəsi kimi qiymətləndirmək olar. O, dissertasiyasında bu illərdə muxtar respublikada təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərin mahiyyətini araşdırmağa nail olub, bu istiqamətdə görülən işləri sistemləşdirib.
Söhbətimiz zamanı ona bir sualla müraciət etdik:
– Müəllim sənətini seçməyinizə peşman deyilsiniz ki?
– Cəmiyyətin inkişafını elmsiz, biliksiz təsəvvür etmək mümkün deyil. Bu gün ölkəmizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda təhsilin inkişafı xüsusi əhəmiyyət verilən başlıca sahələrdən biridir. Müəllimlərin əməyinin qiymətləndirilməsinin daim diqqətdə saxlanılması isə məhz bu peşə sahiblərinin böyük bir vəzifəni yerinə yetirməsi ilə bağlıdır. Sevinirəm ki, mənim də əməyim öz qiymətini alıb. Bu isə sevdiyim müqəddəs müəllimlik sənətinə daha ürəkdən bağlanmağıma, böyük məsuliyyət hissi ilə çalışmağıma səbəb olub. Qazandığım bütün uğurlarda pedaqoji kollektivimizin böyük əməyi var. Kollektiv üzvlərinin ən böyük amalı ondan ibarətdir ki, dərs dedikləri şagirdlərin “Fəxr edirəm ki, mən də azərbaycanlıyam”, – deməyə mənəvi haqları çatsın.
Muxtar MƏMMƏDOV