Erasmus+ Beynəlxalq Mobillik layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin 6-sı tədris, 7-si təlim olmaq üzrə 13 nəfərlik müəllim və işçi heyəti Türkiyənin Çankırı şəhərində yerləşən Çankırı Karatekin Universitetində olub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov universitetin beynəlxalq əlaqələr sahəsində qazandığı uğurlara toxunaraq xarici ölkələrlə həyata keçirilən layihələrdən danışıb. Rektor ali təhsil ocağının Boloniya bəyannaməsinin müddəalarına müvafiq olaraq tələbə və müəllimlərin akademik mobilliyini əsas götürdüyünü və bu istiqamətdə tələbə mübadiləsini davam etdirdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, artıq müvafiq ixtisaslar üzrə tələbələr seçilib və 1 semestr təhsil almaq üçün 4 tələbə Şota Rustaveli adına Batumi Dövlət Universitetinə, 2 tələbə Penza Dövlət Universitetinə göndərilib. Tələbə mübadiləsinin şərtlərinə uyğun olaraq 4 tələbə isə Naxçıvan Dövlət Universitetinə gəlib.
Müəllimlər Çankırı Karatekin Universitetində ixtisaslaşmış bölmələrdə keçdikləri dərs və treninqlər haqda məlumat veriblər. Naxçıvanın turizm potensialının tanıdılması istiqamətində Bələdiyyə və turizm kafedrasının müəllimi pedaqogika üzrə fəlsəfə doktoru, dosent Günay Vəliyeva tədris etdiyi dərslərdə bu sahəyə daha ciddi yanaşdığını diqqətə çatdırıb.
Beynəlxalq münasibətlər kafedrasının müəllimi Cəbi Quliyev qeyd edib ki, layihə çərçivəsində Xocalı faciəsi haqqında ətraflı məlumat verməklə faciənin dəhşətlərini qardaş ölkə ilə yanaşı, Sudan və Tacikistandan olan 28 nəfərlik nümayəndə heyətinə də çatdırıb.
Treninq üzvləri də rektorluq, idarə heyəti, strateji planlama, kitabxana, İKT və media üzrə müvafiq dərslərdə iştirak etdikləri haqda məlumat veriblər. Universitetin Fortepiano kafedrasının baş müəllimi Fatma Əliyeva verdiyi solo konsertin, “Sarı gəlin” xalq mahnısının tamaşaçılar tərəfindən alqışlarla qarşılandığını vurğulayıb.
Səadət Əliyeva