Hər il olduğu kimi, bu il də “İstedad-XXI əsr” hazırlıq kurslarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirilib.
“İstedad-XXI əsr” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini Arzu Abdullayev tədbirdə çıxış edərək bildirib ki, bu gün müstəqil Azərbaycanda, оnun ayrılmaz tərkib hissəsi оlan Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən əhəmiyyətli tədbirlər də bu siyasətin üzvi tərkib hissəsidir. Aparılan islahatlar Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir. Muxtar respublikamızda bir-birinin ardınca tikilib istifadəyə verilən ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilən tədbirlər bu baxımdan xüsusi dəyərə malikdir.
“İstedad-XXI əsr” hazırlıq kursları fəaliyyətə başladığı 4 tədris ili ərzində hər il 99 və ya 100 faiz qəbul nəticəsi verib. 59 nəfər 600 baldan yuxarı nəticə göstərib, bunlardan 5 nəfəri isə Prezident təqaüdünə layiq görülüb. Builki tədris ilində də kursun qəbul nəticələri 100 faiz olub. Onlardan 99 məzun 400, 51 məzun 500, 17 məzun isə 600 baldan yuxarı nəticə göstərib. Kursu bitirən məzunların 85 faizi Naxçıvanda fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrini seçiblər.
Hər il olduğu kimi, bu il də yüksək nəticə göstərən abituriyentlərə kurs tərəfindən birdəfəlik pul mükafatı və hədiyyələr verilib. Onu da xatırladaq ki, həmin məzunlar, eyni zamanda topladıqları bala görə aylıq 50-80 manat məbləğində tələbə təqaüdü ilə də təmin olunacaqlar.
Kursun builki məzunlarından 691 bal toplayan Arzu Əliyeva və 672 bal toplayan Cəfərsadiq Ələkbərov yüksək nəticə əldə etdiklərini kursda yaradılan hərtərəfli şəraitin nəticəsi olduğunu deyib və kurs kollektivinə öz minnətdarlıqlarını bildiriblər.
Xəbərlər şöbəsi