AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda Naxçıvan Dövlət Universitetinin Fizika-kimya, Ərəb-fars dili ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Naxçıvan Muxtar Respublikasında elmə, təhsilə göstərilən diqqət və qayğıdan danışıb.
Vurğulanıb ki, muxtar respublikada son illərdə təhsilin davamlı inkişafını təmin edən sərəncamların imzalanması, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması yüksəkixtisaslı kadr hazırlığı işinin yeni müstəvidə aparılmasına şərait yaradır.
Akademik tələbələrə bölmə haqqında ətraflı məlumat verib, onlarla müntəzəm görüşlərin keçiriləcəyini qeyd edib. İsmayıl Hacıyev tələbələrin gələcəkdə bir mütəxəssis kimi formalaşmalarına bölmə əməkdaşlarının dəstək verəcəyini bildirib, onlara elmi jurnallar hədiyyə edib.
Tədbirdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Batabat Astrofizika Rəsədxanasının direktoru, dosent Qulu Həziyev, Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək tələbələri birgə əməkdaşlığa dəvət ediblər.
Görüş çərçivəsində tələbələr bölmənin Əlyazmalar Fondu və Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının fəaliyyəti ilə tanış olublar.
Güntac ŞAHMƏMMƏDLİ
* * *
Dünən Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində hamiliyə verilən “Naxçıvan” Universitetinin İqtisadiyyat ixtisasının tələbələri ilə görüş keçirilib.
Vergilər Nazirliyinin Aparat rəhbəri, baş vergi xidməti müşaviri Əli Şabanov tədbirdə çıxış edərək bildirib ki, Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. Sərəncam yeni dövrün tələbi olan startap anlayışının əhatə etdiyi bütün sahələrdə innovasiyanı və dayanıqlı inkişafı əsas götürür.
Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi, nazirlik üzrə ekspert qrupunun rəhbəri Qəzənfər Bayramovun, “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanovanın çıxışları olub.
“İdeyadan başlanğıca” devizi ilə müasir düşüncəni və yeni biznes fikirlərini özündə əks etdirən layihələrin – startapların hazırlanması istiqamətində tələbələrlə fikir mübadiləsi aparılıb. Sonra tələbələr nazirliyin müvafiq şöbələrinin və bölmələrinin fəaliyyət istiqamətləri ilə tanış olublar.
Pərviz HACILI