Çoxəsrlik tarixə və zəngin ənənələrə malik, ən əsası Azərbaycançılıq ideologiyasının ədəbi manifesti olan, həm ümummilli idealları əks etdirən, həm də bəşəri əhəmiyyət kəsb edən Azərbaycan ədəbiyyatı müxtəlif alimlər tərəfindən fərqli baxışlar əsasında dövrləşdirilib. Lakin ədəbiyyatşünaslıqda bütün bu fərqli prinsipləri ümumiləşdirəcək, bir sıra mühüm əlavələrlə də zənginləşdirə biləcək mükəmməl bir dövrləşdirmə konsepsiyasının işlənib hazırlanmasına ciddi ehtiyac vardı. AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Elm” nəşriyyatında çap olunmuş“Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” adlı monoqrafiyası belə bir zərurətdən yaranmışdır.
Öncə onu qeyd edim ki, 452 səhifəni əhatə edən monoqrafiya bu mövzuya həsr olunmuş ilk irihəcmli və sistemli, uzun illərin ədəbi təcrübələrinə əsaslanan və müxtəlif konsepsiyaların ümumiləşdirilməsi nəticəsində ortaya qoyulan bir tədqiqat əsəri kimi Azərbaycan ədəbiyyatşünaslığına əvəzolunmaz bir töhfədir. Monoqrafiyanın elmi redaktoru, AMEA-nın müxbir üzvü Ertəgin Salamzadədir.
Monoqrafiyanın “Giriş”ində Azərbaycan ədəbiyyatının mütərəqqi xüsusiyyətləri sadalanır və bədii ədəbiyyatın mərhələlər üzrə əsas mövzuları və qəhrəmanları, xalqın taleyinə və qəhrəmanlıq mübarizəsinə baxışın ifadə edilməsi, təkcə bir ölkənin həyatı deyil, çox geniş miqyasda insanlığın taleyi və gələcəyi üçün axtarışlar və söz xəzinəmizi dünya arenasına çıxaran “İsgəndərnamə” kimi tapıntılar diqqət mərkəzinə çəkilir. Müəllif söz mülkünün sultanı, ölməz əsərləri, böyük idealları ilə dünyanı fəth etmiş Nizami Gəncəvini elə “sözün geniş mənasında, dünya ədəbiyyatının Makedoniyalı İsgəndəri” hesab edir. Dünya epos ənənəsində salnaməçilik, səfərnamə və ya cəngavərlik motivləri üstünlük təşkil etməsinə görə, bədiilik meyarlarına əsasən mühüm ictimai məzmun ifadə edən “Kitabi-Dədə Qorqud” dastanı akademikin fikrincə, “dünya epos sənətinin şah əsəri”dir.