Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq, noyabr ayının 19-da Naxçıvan Dövlət Universitetinin Sosial iş ixtisası üzrə IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatında və struktur qurumlarında təcrübə keçmələrinə dair görüş keçirilib.
Tədbirdə çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev Naxçıvan Dövlət Universiteti ilə nazirlik arasında qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib və bu istiqamətdə fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fakültəyə uğurla hamilik etməsindən, tələbələrin ixtisas təcrübəsi qazanmaları üçün hərtərəfli şərait yaradılmasından, nəzəri-təcrübi əhəmiyyətli birgə tədbirlərin həyata keçirilməsindən bəhs edib.
Təcrübəçi tələbələrdən Arzu Əliyarqızı, universitetin Sosial iş ixtisası üzrə məzunu, hazırda nazirliyin strukturunda işləyən dövlət qulluqçusu Yavər Abbasov müvafiq sərəncamın gənclər üçün əhəmiyyətindən danışıb, minnətdarlıqlarını bildiriblər.
Daha sonra tələbələr nazirliyin strukturuna daxil olan təşkilatlarda olub, iş prosesini yerində izləyiblər.
Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti