Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə bağlı “Naxçıvan” Universitetində növbəti seminar-treninq keçirilib.
“Huawei” şirkəti tərəfindən “Naxçıvan” Universitetində yaradılan İKT mərkəzində “Telekommunikasiya sahəsinə dair təlim” mövzusunda keçirilən seminar-treninqdə Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mütəxəssisləri, Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin bir qrup müəllimi və hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər.
“Huawei-Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin müşahidə və üztanıma kameraları üzrə mütəxəssisi Əliəkbər Mirzəquliyev “Telekommunikasiya sistemləri və yeni nəsil Core avadanlıqları” haqqında iştirakçılara geniş mühazirə oxuyub.
Sonda tələbələrin sualları cavablandırılıb.
Seyfur HACIMURADOV