Naxçıvan Dövlət Universitetinin Elektroenergetika ixtisasının tələbələrindən 7 nəfəri Almaniyaya birhəftəlik təlimə göndərilib. Günəş panellərinin istehsalı prosesi və digər alternativ enerji texnologiyalarının tətbiqi sahəsinə həsr olunan təlim “Pure Energy Development” SARL şirkətinin Almaniyanın Vismar şəhərindəki fabrikində keçiriləcək.
Universitetin rektoru, dosent Elbrus İsayev təlim məqsədilə Almaniyaya gedəcək tələbələrlə görüşüb, onlara uğurlar arzulayıb. Tədbirdə muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.
Rektor tələbələrin təlimdə iştirakını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun təhsilə göstərdiyi qayğı kimi dəyərləndirib, gənclərə gələcəkdə əsl peşəkar kadr kimi formalaşıb muxtar respublikanın bu sahə üzrə mütəxəssisi olmağı tövsiyə edib.
Səadət Əliyeva