22 Dekabr 2024, Bazar

Muxtar respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, məktəblilərin muxtar respublika fənn olimpiadalarının keçirilməsi onların ölkə səviyyəli fənn olimpiadalarına hazırlığında və yüksək nəticələr qazanmalarında mühüm əhəmiyyətə malikdir. Bu zaman şagirdlərin əldə etdikləri nəticələr müvafiq fənn müəllimlərinin, eləcə də məktəbin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi ­nəzərə alınır.

Nazir vurğulayıb ki, məktəblilərin muxtar respublika fənn olimpiadası iki mərhələdə təşkil edilib. IX-XI sinif şagirdləri arasında keçirilən olimpiadanın I şəhər və rayon mərhələsində 693 şagird öz biliyini sınayıb, onlardan 225-i yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanıb. Nəticələrə əsasən dekabrın 21-də keçirilən olimpiadanın final mərhələsində, ümumilikdə, 59 şagird I, II və III yerlərin qalibi olub.
Bildirilib ki, noyabrın 16-da muxtar respublikada ilk dəfə olaraq VII, VIII və IX sinif şagirdləri üçün keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında muxtar respublikadan 139 məktəbli iştirak edib. Onlardan 14-ü mart ayında keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb. Finalçılardan 3-ü daha yüksək nəticə əldə edərək, ölkə üzrə bütün iştirakçıların ilk 5 faizinin sırasına daxil olub və xüsusi sertifikata layiq görülüb. Olimpiadada ölkə üzrə 7 məktəb ən yüksək nəticə göstərib ki, onlardan 3-ü muxtar respublikanın payına düşür. Həmin təhsil ocaqları – Heydər Əliyev adına tam orta məktəb, Naxçıvan Qarnizonu tam orta məktəbi və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey, eyni zamanda şagirdləri yüksək nəticə göstərən 3 müəllim təşkilatçılar tərəfindən xüsusi sertifikata layiq görülüb.
Tədbirdə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin riyaziyyat müəllimi Günay Ağayeva, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Tapdıq Abbasov çıxış edərək istedadlı şagirdlərin aşkara çıxarılması üçün yaratdığı şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildiriblər.
Sonda qaliblərə diplom, sertifikat və hədiyyələr təqdim olunub. Tədbirdə şagirdlərlə yanaşı, ən yaxşı nəticə göstərən Heydər Əliyev adına tam orta məktəb, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey, Heydər Əliyev adına Hərbi Lisey, Naxçıvan Qarnizonu tam orta məktəbi, eyni zamanda şagirdlərin olimpiadaya hazırlanmasında fəal iştirak edən bir qrup müəllim mükafatlandırılıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR