AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan Tunc dövründə ” mövzusunda interaktiv dərs təşkil olunub.
İnteraktiv dərsi AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, dosent Toğrul Xəlilov aparıb.
Bildirilib ki, son dövrlərdə muxtar respublikamızda aparılan arxeoloji qazıntılar göstərir ki, Erkən Tunc dövrünün tarixi Naxçıvanda daha qədimdir. Bu tədqiqatlara əsasən Naxçıvan diyarında Kür-Araz mədəniyyətinin üç mərhələyə bölündüyü müəyyən olunub. Dərsdə həmin tarixi mərhələlər haqqında məktəblilərə ətraflı məlumat verilib.
Vurğulanıb ki, iqtisadiyyatın intensiv inkişafı, xüsusilə sənətkarlıq məmulatının artması və ticarət əlaqələrinin genişlənməsi qədim şəhərlərin formalaşmasına da şərait yaradıb. Eramızdan 5000 il əvvəl Naxçıvanda şəhərsalma mədəniyyəti mövcud olub. Bu tip yaşayış yerlərindən biri olan II Kültəpədə aparılan qazıntılar zamanı şəhər mədəniyyəti üçün xarakterik olan mühüm əlamətlər aşkar olunub. Qeyd olunan faktlar sonda onu deməyə əsas verir ki, tarixin canlı şahidi olan, onun daş yaddaşına çevrilən Tunc dövrü abidələrimizin hər biri Azərbaycan arxeologiyasında özünəməxsus yer tutur və mühüm elmi əhəmiyyət daşıyır.
Slayd vasitəsilə keçilən dərsdə tədqiqatlar zamanı əldə olunmuş nəticələr şagirdlərin diqqətinə çatdırılıb.
Dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil müəssisəsində izlənilib.
Güntac ŞAHMƏMMƏDLİ