1948-ci il dekabrın 10-da Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qəbul etdiyi Ümumi Bəyannaməyə əsasən hər il dekabrın 10-u dünyada “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu münasibətlə dünən Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq bildirib ki, demokratiya və insan hüquqlarına, sosial tərəqqi kimi ümumbəşəri dəyərlərə sadiq olan və hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd olunub ki, 1995-ci ildə ulu öndərin müəllifi olduğu ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında dövlətimizin ali məqsədlərindən biri kimi məhz insan haqlarının qorunması təsbit edilib. Görkəmli dövlət xadiminin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ötən müddətdə ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlər həyata keçirilib, milli qanunvericilik bazası daha da təkmilləşdirilib.
Vurğulanıb ki, ötən dövr ərzində bu sahədə həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilib. Belə ki, insan hüquq və azadlıqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyi artırılıb. Həmçinin əhalinin yüksəkkeyfiyyətli hüquqi yardımla təmin edilməsi, əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi istiqamətində geniş tədbirlər həyata keçirilib.
Diqqətə çatdırılıb ki, təşkil olunan bilik yarışının məqsədi gənclər arasında ölkəmizdəki dövlət qanunvericiliyinin, Naxçıvanın muxtariyyətinin tarixi və hüquqi aspektlərinin hərtərəfli öyrənilməsinin təşviq edilməsi, gənclərin hüquq sahəsinə olan maraqlarının artırılması, həmçinin onların vətənpərvərlik hisslərinin daha da yüksəldilməsidir. Bu müsabiqə, eyni zamanda istedadlı gənclərin aşkar edilməsi və muxtar respublikada olan istedad potensialının inkişafının stimullaşdırılmasına da xidmət edir. Ülkər Bayramova çıxışının sonunda gənclərə bilik yarışında uğurlar arzulayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da uğurla həyata keçirilir. Son illər gənclərimizin muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının uğurla reallaşdırılması, gənc istedadlara dövlət qayğısının artırılması, gənc kadrların müxtəlif sahələrdə irəli çəkilməsi və fəaliyyətlərinin qiymətləndirilməsi, bütövlükdə, gənclər siyasətinin həyata keçirilməsi istiqamətində görülən tədbirlərdir.
İştirakçılar yarışın şərtləri barədə ətraflı məlumatlandırıldıqdan sonra bilik yarışına start verilib. İki turdan ibarət yarışda tələbələr komanda şəklində biliklərini sınayıblar.
Gərgin keçən bilik yarışının sonunda ali təhsil müəssisələri üzrə “Naxçıvan” Universitetinin “Nəqşicahan” komandası birinci, Naxçıvan Dövlət Universitetinin “İldırım” komandası ikinci, Naxçıvan Müəllimlər İnstitutunun “Buta” komandası isə üçüncü yerə layiq görülüblər. Orta ixtisas təhsili müəssisələri arasında isə Naxçıvan Tibb Kollecinin “İbn Sina” komandası birinci, Naxçıvan Musiqi Kollecinin “Virtuoz” komandası ikinci, Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası üçüncü yeri tutub.
Sonda qalib və fərqlənən komandalar Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəxri fərmanları və Gənclər Fondunun diplomları ilə təltif olunublar.
Naxçıvan Muxtar Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti