AMEA-nın Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən anım tədbiri keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafında və müstəqil Azərbaycanın dünya birliyində layiqli yer tutmasındakı müstəsna xidmətlərindən danışıb. Ulu öndərin böyüklüyünə, fenomen keyfiyyətlərinə nəzər salan akademik bildirib ki, Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının günü-gündən inkişafı Heydər Əliyev siyasətinin nəticəsidir. Dahi öndərin əbədiyaşar ideyaları bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən layiqincə davam etdirilir. Ölkədə uğurla həyata keçirilən bütün tədbirlər müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunu artırır.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Heydər Əliyev – əbədiyaşar lider” mövzusunda məruzəsi dinlənilib.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov çıxış edərək bütün həyatını xalqına həsr edən ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində imzaladığı tarixi fərman və sərəncamların əhəmiyyətindən, elm və mədəniyyətimizin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi