Naxçıvan Dövlət Universitetində “XX əsr Naxçıvan ədəbi mühiti” mövzusunda elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev XX əsrin siyasi, tarixi, ədəbi mənzərəsinə nəzər salıb. Çox mürəkkəb və ziddiyyətli proseslərin fonunda ədəbiyyatın inkişafından söhbət açılıb, çağdaş ədəbiyyatşünaslığımızda Naxçıvan ədəbi mühitinin öyrənilməsi istiqamətində də xeyli uğurlar əldə edildiyi vurğulanıb. Rektor belə konfransların keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
“Naxçıvanın şeir mühiti (müstəqillik dövrü)” mövzusunda çıxışında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Vaqif Yusifli qeyd edib ki, naxçıvanlı şair və yazıçıların əsərlərində Naxçıvan mövzusu əsas yer tutur. Diqqətə çatdırılıb ki, Vətənə, doğma yurda bağlılıq, muxtar respublikada gedən quruculuq prosesləri, məqsədyönlü siyasət ədəbiyyat adamlarını daim düşündürən zəruri məsələlərdir. Çıxışda İslam Səfərli, Elman Həbib, Vaqif Məmmədov, Adil Qasımlı və digər qələm sahibləri ilə bərabər, gənc yazarların da fəaliyyətinə nəzər salınıb.
Unudulmuş tərcüməçi Ələkbər Naxçıvanlı haqqında danışan AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Hüseyn Həşimli bədii, publisistik və tərcüməçilik fəaliyyəti ilə XX əsr ədəbi prosesində özünəməxsus yer tutan, Naxçıvan ədəbi mühitinin yetirməsi olan Ələkbər Qərib (Naxçıvanlı) haqqında geniş məlumat verib.
Jurnalistika və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov “XX əsr Naxçıvan ədəbi mühiti və “Molla Nəsrəddin” jurnalı” adlı çıxışında qeyd edib ki, jurnalda Məmməd Səid Ordubadi, Əziz Şərif, Qurbanəli Şərifzadə, Məhəmmədəli Sidqi, Hüseyn Cavid və digər naxçıvanlı qələm sahibləri də çıxış ediblər.
Konfrans bölmə iclasları ilə öz işini davam etdirib.
Səadət Əliyeva