“Naxçıvan” Universitetində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının enerji diplomatiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, dosent Nurlana Əliyeva açaraq ölkəmizdə enerji sahəsində əldə olunan uğurlardan və diplomatiya sahəsində qazanılan nailiyyətlərdən danışıb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin rəisi Vüsal Ələkbərli bildirib ki, müasir dövrdə beynəlxalq aləmdə ən aktual məsələlərdən biri enerjidaşıyıcıları uğrunda dünya ölkələrinin rəqabətidir. Bu rəqabətdə üstünlük qazanmaq, təbii ki, dünyada müəyyən dərəcədə söz sahibi olmağa, həmçinin dövlətlərin öz iqtisadi, siyasi, eləcə də hərbi gücünün artırılmasına təsir göstərir. Azərbaycanın yeni enerji strategiyasının memarı ümummilli lider Heydər Əliyevin ötən əsrin 90-cı illərində müəllifi olduğu iki siyasi qərar ölkəmizin neft-qaz siyasətinin formalaşmasında həlledici rol oynayıb, eyni zamanda respublikamızın Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu nümayiş etdirib. 1996-cı il iyunun 6-da regionun, ümumilikdə, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan “Şahdəniz” qaz yatağının işlənməsinə dair müqavilənin imzalanması ilə bu proses dönməz xarakter alıb.
Sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin əməkdaşlarından Pərviz Budaqovun “Azərbaycan Respubikasının enerji siyasəti”, Ülvi Məmmədlinin isə “Cənubi Qaz Dəhlizi və Azərbaycana tranzit potensialı” mövzularında çıxışları dinlənilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Seyfur Hacımuradov