Pedaqoji kadr hazırlığının ən vacib sahələrindən biri də pedaqoji təcrübədir. Pedaqoji təcrübə prosesində tələbələrin ali məktəblərdə aldıqları nəzəri biliklər dərinləşir, möhkəmlənir, tələbələr pedaqoji iş sahəsində yeni bacarıq və vərdişlərə yiyələnirlər. Mütəxəssis hazırlığı məhz təcrübə yolla başa çatır, nəzəri biliklər pedaqoji təcrübə müddətində əməli icra oluna-oluna mənimsənilirlər. Bu yolla pedaqoji təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, bunlar da pedaqoji səriştənin vərdiş halında möhkəmlənməsinə və gənc müəllimlərin bir mütəxəssis kimi tam formalaşmasına səbəb olur.
Müasir dövrdə ali məktəbdə aparılan islahatlar müəllim kadrları hazırlığına daha məsuliyyətlə yanaşmağı tələb edir. Respublikamızın ictimai həyatında baş verən mütərəqqi dəyişikliklər, təhsil sisteminin köklü surətdə dəyişməsi, ali təhsilin Boloniya prosesinə qoşulması geniş dünyagörüşünə, möhkəm əqidəyə, saf əxlaqa, zəngin mənəviyyata, yüksək elmi-nəzəri və pedaqoji-psixoloji hazırlığa malik olan yaradıcı müəllim kadrlarına ehtiyac doğurur. Bu işdə “ağırlıq mərkəzi” pedaqoji təcrübənin üzərinə düşür. Bu, ondan irəli gəlir ki, pedaqoji təcrübə prosesində təhsil-tərbiyə məsələləri kompleks şəkildə həll olunur. Pedaqoji təcrübə gələcək müəllimin psixoloji, pedaqoji, metodik, ixtisas hazırlığını təmin edir, ali məktəbdə tədris prosesində qazandığı nəzəri bilikləri dərinləşdirir, ümumi bacarıqlarını möhkəmləndirir, peşə ilə bağlı müvafiq bacarıqlar formalaşdırır, müəllimlik fəaliyyəti üçün zəruri olan şəxsi keyfiyyətləri inkişaf etdirir, yaradıcılıq təcrübəsini, təşəbbüskarlığı, müstəqil və tənqidi düşünməyi öyrədir.