Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ölkə və beynəlxalq səviyyəli idman yarışlarında fərqlənən şagirdlərin və onların müəllimlərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində ötən müddət ərzində 200-dən çox müasirtipli, hər cür maddi-texniki bazaya malik, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş məktəb binaları tikilmiş və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Bu məktəblərdə ən müasir tələblərə cavab verən 198 idman zalı və bütün məktəblərdə açıq idman qurğuları, şahmat sinifləri yaradılmışdır.
Qeyd olunub ki, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq-gənclər şahmat və idman məktəblərinin də infrastrukturu yenilənmiş, onların fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Şahmatın yüksək səviyyədə tədrisini təmin etmək üçün Şahmat Federasiyası tərəfindən “Pillə-pillə” və “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabları nəşr olunaraq ümumtəhsil məktəblərinə verilmişdir. Muxtar respublikanın təhsil müəssisələrində fəaliyyət göstərən fiziki tərbiyə müəllimlərindən 14-nün əməyi yüksək qiymətləndirilmiş, onlar fəxri adlarla təltif olunmuşlar. Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi, dünya çempionu Rafiq Hüseynlinin adı gənc istedadların “Qızıl kitabı”na salınaraq xüsusi aylıq təqaüdə layiq görülmüşdür.
Təhsil naziri ümumtəhsil müəssisələrində yaradılan şəraitdən səmərəli istifadə olunmasının diqqətdə saxlanıldığını, şahmat müəllimlərinin sertifikasiyası istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirmişdir. Diqqətə çatdırılmışdır ki, 487 şahmat müəlliminə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Təhsil Nazirliyinin sertifikatı verilmiş, müsabiqələrdə ən yüksək nəticə göstərən 24 fiziki tərbiyə müəllimi işə götürülmüş, 68 məzun ali məktəblərin bədən tərbiyəsi və idman ixtisaslarına qəbul olmuş, fiziki tərbiyə müəllimlərinin ixtisasartırma kursları təşkil edilmişdir.
Çıxışda muxtar respublikamızda idmanın inkişafı istiqamətində yaradılan əlverişli şərait və federasiyaların fəaliyyəti nəticəsində şagirdlər tərəfindən muxtar respublika, eyni zamanda ölkə və beynəlxalq səviyyəli idman yarışlarında qazanılan yüksək nəticələrdən bəhs edilmişdir.
Təhsil naziri ölkə və beynəlxalq səviyyəli idman yarışlarında fərqlənən şagirdləri və onların məşqçilərini təbrik etmiş, muxtar respublikada idmanın və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirmişdir.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Azad Cabbarov çıxış edərək qeyd etmişdir ki, müasir idman tariximizin, uğur və nailiyyətlərimizin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı dövrə təsadüf edir. Məhz ulu öndərin hakimiyyəti illərində ölkədə idman infrastrukturu yenidən qurulmuş, idmançılarımızın beynəlxalq miqyaslı idman yarışlarına hazırlığı və iştirakı təmin edilmişdir. Nəticədə, ölkədə idmanın təbliği və kütləviləşdirilməsi baxımından ciddi uğurlar əldə olunmuşdur. Hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət idman siyasəti hər il öz nəticələrini daha da yaxşılaşdırmaqla, Azərbaycan idmanına daxili inamı və beynəlxalq etimadı anbaan artırmaqdadır.
Vurğulanıb ki, muxtar respublikamızda da idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Göstərilən qayğının və yaradılan hərtərəfli şəraitin nəticəsidir ki, ötən il 49 şagird ölkə və beynəlxalq səviyyəli idman yarışlarında qalib gəlmişdir. 2019-cu ildə muxtar respublika məktəblilərindən 21-i I, 9-u II, 19-u III yer olmaqla, 49-u ölkə və beynəlxalq səviyyəli yarışların qalibi olmuşdur.
Sonra Ordubad Rayon Uşaq-Gənclər İdman Məktəbinin direktoru Elşən Əliyev və Şərur Rayon Uşaq-Gənclər İdman Məktəbinin Ağır atletika dərnəyinin üzvü Gülcahan Əliyeva çıxış edərək qazandıqları uğurların muxtar respublikada idman sahəsində yaradılan şərait hesabına olduğunu vurğulamış, bundan sonra da mövcud şəraitdən səmərəli istifadə edərək gələcəkdə daha yüksək nəticələr qazanacaqlarını bildirmişlər.
Tədbirdə ölkə və beynəlxalq səviyyəli idman yarışlarında fərqlənən şagirdlərə və onların müəllimlərinə diplom və hədiyyələr təqdim edilmişdir.
Sonra Naxçıvan Dövlət Televiziyası tərəfindən muxtar respublikada idmanın inkişafı ilə bağlı hazırlanmış sənədli film nümayiş etdirilmiş, Naxçıvan Dövlət Uşaq Teatrının vətənpərvərlik mövzusunda hazırladığı “Unutmamalıyıq” adlı səhnəciyə baxış olmuşdur.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti