Naxçıvan Dövlət Universitetində “Smart tələbə kartları üzrə beynəlxalq təcrübə, layihənin ölkə və tələbələr üçün üstünlükləri” mövzusunda təqdimat keçirilib.
Universitetin rektoru, dosent Elbrus İsayev təqdim edilən smart tələbə kartlarının elektron universitet sistemini daha da gücləndirəcəyinə inandığını qeyd edib və layihənin bütün tərəfdaşlarına təşəkkürünü bildirib. Vurğulanıb ki, smart tələbə kartlarının hazırlanması Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilir.
Nağdsız ödənişlər sahəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin gördüyü işlər haqqında məlumat verən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elvin Axundov qeyd edib ki, muxtar respublikada “nağdsız cəmiyyət”in formalaşdırılması, nağdsız ödənişlərin həcminin artırılması muxtar respublika rəhbəri tərəfindən diqqətdə saxlanılan əsas məsələlərdəndir. Məhz bunun nəticəsidir ki, muxtar respublikamızda nağdsız ödənişlərin iqtisadiyyatdakı çəkisini artırmaq üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən 2013-2015-ci illəri əhatə edən “Naxçıvan Muxtar Respublikasında elektron ödəniş məkanının formalaşdırılması və nağdsız hesablaşmaların həcminin artırılması üzrə Tədbirlər Planı”, 2016-2018-ci illərdə “Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq olunub və uğurla icra edilməkdədir.
Azərbaycan Respublikası Mərkəzi Bankının Ödəniş sistemləri və Hesablaşmalar Departamentinin Milli Ödəniş sisteminin inkişafı şöbəsinin rəisi Ramil Mahmudov dövlət proqramı haqqında məlumat verərək qeyd edib ki, proqramın strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə, bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir. Vurğulanıb ki, bu layihə müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaq. Eyni zamanda ali təhsil məktəblərinin tələbələrinin bu layihəyə cəlb edilməsi, bütövlükdə, təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradacaq.
Beynəlxalq praktika haqqında çıxış edən “Mastercard” təşkilatının Azərbaycan təmsilçisi Emil Zeynalov ölkə miqyasında belə bir layihənin reallaşdırılmasında iştirak etdiklərindən qürur duyduqlarını bildirib və yaradılan məhsulun tələbələrə verəcəyi üstünlüklərdən danışıb.
“Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Ödəniş kartları şöbəsinin müdiri Səbuhi Xəlilov məhsul haqqında təqdimatla çıxış edib. Təqdimatda bildirilib ki, smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirə biləcəklər. Həmçinin regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Tələbələrin smartkart vasitəsilə universitetə, kitabxanaya və oxu zallarına girişi də təmin olunacaq. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanıb. Qeyd edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və “NaxçıvanBank”ın dəstəyi ilə həyata keçirilir.
Səadət ƏLİYEVA