“Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda yekun seminar Ordubad rayonunun ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan 260 şagirdin iştirakı ilə Mədəniyyət Evində keçirilib.
Seminarda Ordubad Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Əfqan Hüseynovun “Ötən ilin qəbul nəticələri və 2020-ci il qəbul imtahanlarına hazırlıq”, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Ayşən Əsgərovanın “2020-2021-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı və 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucovanın “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli”, Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin psixoloqu Nubar Abdullayevanın “Abituriyentlərə imtahanqabağı psixoloji dəstək” mövzularındakı çıxışları dinlənilib.
Seminarda abituriyentlərə buraxılış və qəbul imtahanlarına səmərəli hazırlıq üsulları, nəticələrə uyğun düzgün ixtisas seçiminin aparılması qaydası izah edilib, bundan əlavə, onlara keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı geniş məlumatlar verilib.
Bildirilib ki, Naxçıvanda IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi martın 1-də, ikinci mərhələsi iyunun 14-də, XI siniflər üzrə isə buraxılış imtahanları aprelin 5-də keçiriləcəkdir.
Sonda sınaq imtahanında yüksək nəticə göstərənlərə diplom və qiymətli hədiyyələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti