Türkiyənin İstanbul Universitetinin professoru Haluk Tanrıverdi “Naxçıvan” Universitetində 3 aylıq pedaqoji fəaliyyətə başlayıb. Dünən universitetin kitabxanasında bununla bağlı keçirilən tədbiri giriş sözü ilə ali təhsil ocağının prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, Türkiyənin İstanbul Universiteti ilə “Naxçıvan” Universiteti arasındakı mövcud əməkdaşlığa uyğun olaraq həmin ali təhsil ocağının professoru Haluk Tanrıverdi burada 3 aylıq pedaqoji fəaliyyətə başlayıb. O, turizm sahəsi üzrə bir neçə fənnin tədrisini həyata keçirəcək. Haluk Tanrıverdi həm özünün müəllifi olduğu, həm də digər yazarların qələmə aldığı turizm və iqtisadiyyat sahələrini əhatə edən 60-dan artıq kitabı universitetə hədiyyə edib.
Tədbirdə tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov və “Naxçıvan” Universitetinin dosenti Əli Cabbarov çıxış edərək muxtar respublikamızın turizm potensialının tanıdılması istiqamətində görülən işlərdən söhbət açıb, bu sahədəki kadr hazırlığından və həyata keçirilən layihələrin əhəmiyyətindən danışıblar.
İstanbul Universitetinin professoru Haluk Tanrıverdi çıxışında “Naxçıvan” Universitetində turizm sahəsi üzrə kadr hazırlığının vəziyyətini yüksək qiymətləndirib, ali təhsil ocağında yaradılan əlverişli şərait nəticəsində 3 aylıq pedaqoji fəaliyyətin səmərə verəcəyinə əminliyini vurğulayıb.
Tədbirdən sonra professor Haluk Tanrıverdi “Şərq qapısı” qəzetinə müsahibə verib: – Mənim burada üç aylıq pedaqoji fəaliyyətə başlamağımın səbəbi iki universitetin dostluğunun və yaxınlığının nəticəsidir. Bildirim ki, bu mənim Naxçıvana üçüncü gəlişimdir, 2018-ci ilin iyun ayında Naxçıvan şəhərində keçirilən III Beynəlxalq Gənclik Araşdırmaları Konqresinə də qatılmışdım. Bu qədim türk torpağında incəsənət, turizm, təhsil və digər sahələrin vəziyyəti və perspektivləri barədə müzakirələr aparmışdıq. Budəfəki səfərim isə turizmin bir sıra istiqamətləri üzrə tədris fəaliyyəti göstərməyimə vəsilə olacaq. Belə ki, üç ay ərzində universitetdə turizmdə nəqliyyat xidmətləri, mehmanxana fəaliyyəti texnologiyaları, turizm resursları üzrə sahib olduğum bilgiləri tələbələrə aşılamağa çalışacağam.
Onu da deyim ki, daha öncə də həmkarlarımla Naxçıvana könüllü gəldik, burada müəyyən sahələr üzrə elmi araşdırmalar apardıq. Gördüyümüz işlər nəticəsində Naxçıvanın turizm potensialı, mədəni mirası, təhlükəsizliyi, naxçıvanlı gənclərin turizmə yanaşma tərzləri və digər sahələr üzrə 11 elmi məqalə çap etdirdik. Apardığımız tədqiqat işlərindən gəldiyim nəticə budur ki, Naxçıvan özündə türk mədəniyyətini yaşadan, qədim tarixə, zəngin milli irsə malik bir diyardır. Bu yurdun maraqlı coğrafi ərazidə yerləşməsi cəlbediciliyinin əsas göstəriciləridir. Naxçıvanda zəngin flora və fauna ehtiyatlarının, əlverişli hava şəraitinin mövcudluğu burada yay, qış, eləcə də ekoloji və kənd turizm növlərinin inkişafına geniş imkanlar açır. Türk-İslam memarlıq abidələrini özündə yaşadan muxtar respublikanın hər bir bölgəsinin özünəməxsus tarixi, milli-mənəvi dəyərləri, adət-ənənələri, eləcə də məişət mədəniyyəti nümunələri sayılan hamamları, çeşmələri, bulaqları, məscidləri mövcuddur. Eyni zamanda şəhər turizminin inkişafına xidmət edən teatrlar, kitabxanalar, istirahət məkanları da vardır. Bildiyimiz kimi, müasir dünyada gedən proseslər sağlamlıq turizminin də inkişafını şərtləndirir. Naxçıvanda Duzdağ Fizioterapiya Mərkəzi, Darıdağ Arsenli Su Müalicəxanası və digər təbii səhiyyə ocaqlarının fəaliyyət göstərməsi bu sahədə də turist cəlbinə imkanlar yaradır. Müasir dövrün insanlarının sakit, rahat, əmin-amanlıq olan yerlərə səyahət etmək, orada yaşamaq arzuları vardır. Məhz bu baxımdan da Naxçıvan olduqca cəlbedicidir. Fikrimcə, muxtar respublika bir turistin görmək istədiyi hər bir özəlliyə malikdir.
Nail ƏSGƏROV