Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 28 il zaman məsafəsi ayırır.
Fevralın 26-da muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərindəki Xatirə Muzeyi arasında interaktiv dərs keçilib.
Dərs zamanı qeyd olunub ki, əvvəldən planlaşdırılmış əməliyyatın qəddarlığına baxmayaraq, Xocalı sakinləri son anadək özlərini əsl qəhrəman kimi aparmış, düşmən qarşısında əyilməmişlər.
Vurğulanıb ki, Xocalı soyqırımını törətməkdə ermənilərin əsas məqsədi xalqımızın mübarizə əzmini qırmaq və əhəmiyyətli geostrateji mövqeyə sahib olmaq idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda misligörünməmiş soyqırımı törətdilər. Dağlıq Qarabağın ən iri yaşayış məskəni 366-cı motoatıcı alayın, eləcə də xarici ölkələrdən gətirilmiş muzdlu döyüşçülərin hesabına ermənilərin əlinə keçdi. Döyüşlərdə canlı qüvvə az olsa da, silah-sursat çatışmasa da, qəhrəman Xocalı döyüşçüləri düşmənə qarşı inadlı mübarizə aparmışlar. Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinlər yollarda, meşələrdə xüsusi amansızlıqla qətlə yetirilmişdir.
Bildirilib ki, həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyən ümummilli liderimiz Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmiş, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə müraciət edərək erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır.
Vurğulanıb ki, son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb. Xarici dillərdə kitablar nəşr olunub, Xocalı soyqırımı müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radiolarda verilişlər hazırlanır. Dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər.
Qeyd olunub ki, bu gün Azərbaycan Ordusu düşmənin çirkin niyyətləri qarşısında ən böyük və keçilməz maneəyə çevrilib. 2016-cı ilin aprel ayında Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın bir qisminin, 2018-ci ilin may ayında Əlahiddə Ümumqoşun Ordunun əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndinin, ümumilikdə, 11 min hektar ərazinin işğaldan azad edilməsi də sübut etdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq, ordumuz həmin torpaqları geri qaytaracaqdır. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.
İnteraktiv dərs Naxçıvan Muxtar Respublikasının 200-dən çox ümumtəhsil məktəbində izlənilib.
Qeyd edək ki, həmin gün muxtar respublikanın bütün ümumtəhsil məktəblərində ilk dərs saatı da Xocalı soyqırımına həsr edilmişdir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti