22 Dekabr 2024, Bazar

Virusların tədqiqi, onların mənşəyinin araşdırılması son illər öz aktuallığı ilə seçilən məsələlərdən birinə çevrilmişdir. Cünki, bu ultramikroskopik  canlılar insanlarda bir çox yolxucu və onkoloji xəstəliklərin başlıca yayılma səbəbləridirlər. Virusların təbiətini, mənşəyini, kimyəvi tərkibini, çoxalma mexanizmini, eləcə də lokalizasiya etdiyi orqanizmin hüceyrələri ilə biokimyəvi, molekulyar-genetik aspektə qarşılıqlı əlaqəsini öyrənmədən onların törətdiyi çoxsaylı xəstəliklərin qarşısını almaq mümkün olmaz.

Virusların biomorfoloji xüsusiyyətlərinə nəzər saldıqda onların digər mikroorqanizmlərdən quruluşuna, genetik tərkibinə, sahib orqanizminin hüceyrələrindəki tropizminə (yerləşməsinə), çoxalma  xüsusiyyətlərinə görə kəskin fərqləndiyi aşkar edilir. Nədir bu mikroskopik canlıları digərlərindən fərqləndirən?

İlk növbədə  bilmək lazımdır ki, viruslar – (latinca, virus, zəhər  anlamındadır) hüceyrədaxili parazitlərdir, yəni onların xəstəlik törətməsi üçün mütləq “sevdiyi” hüceyrənin daxilinə nüfuz etməsi əsas şərtdir. Bu zaman  hər virus növünün seçim imkanı olur, hər bir  virus onun inkişaf etməsi üçün daha uyğun bildiyi toxumaların hüceyrələrinə daxil olur.  Elə bu xüsusiyyətlərinə  görə də əvvəllər virusların təsnifatını müəyyənləşdirərkən onların hansı orqanın toxumasında parazitlik etməsinə görə, yəni, tropizminə görə qruplaşdırırdılar.  Məsələn, dermotrop viruslar-dəri və selikli qisaları; pnevmotrop virusar-tənəffüs orqanlarını; enterotrop viruslar-bağırsaq sistemini; neyrotrop viruslar–sinir sistemini və s. zədələdiklərinə görə onları fərqləndirirdilər. Qeyd etmək lazımdır ki,   hüceyrədaxili parazitlik bəzi bakteriyalara (məs. qonokokklar, хlаmidiyalar, rikketsiyalar) və ibtidai canlılara (məs. malyariya plazmidiləri), eləcə də kənd təsərrüfatı heyvanlarında bir sıra qan-parazitar xəstəliklərinin törədicilərinə da xas olan xüsusiyyətdir. Lakin, viruslar digər canlılardan hüceyrədaxili parazitliyin xüsusi təbəti ilə, daha doğrusu genetik səviyyəsi ilə fərqlənirlər.

Viruslar yalnız canlı hüceyrələrdə çoxala bilirlər. Çünki, bunlar xarakterik hüceyrəvi quruluşa malik deyillər. Onların digər canlı hüceyrələrə məxsus gen xromosomları, ribosomları, mitoxondr aparatı və s. vacib komponentləri yoxdur, məcazi mənada ifadə etsək tam formalaşmamış, yetkinləşməmiş canlılardır. Ancaq, bu canlılar özlərinin  “natamamlıq” tərəfini daxil olduqları sahib orqanizminin hüceyrələrinin hesabına tamamlayıb, sürətli çoxalma və yayılma  qabiliyyəti qazanırlar.

Virusları digər mikrocanlılardan fərqləndirən əsas üç xüsusiyyət mövcuddur: 1) virusların genində digər canlılardan fərqli olaraq nuklein turşusunun biri olur, ya ribonuklein turşusu (RNT), ya da dezoksiribonuklein turşusu (DNT); 2) viruslar sərbəst maddələr mabadiləsini yerinə yetirmək qabiliyyətinə malik deyillər, onlar bu həyati vacib prosesi daxil olduğu hüceyrə hesabına yerinə yetirirlər. Virusların özünəməxsus zülal sintez edən xüsusi sistemləri yoxdur. Ona görə də virusların çoxalma və inkişafı daxil olduğu sahib hüceyrəsindən birbaşa asılıdır; 3) onların özunəməxsus çoxalma qabiliyyətlərinin olmasıdır, yəni digər ibtidai canlılardan fərqli olaraq bunlarda çoxalma prosesi bölünmə yolu ilə deyil,  virionların reproduksiyası (disyunktiv çoxalma) ilə baş verir. Hüceyrəyə daxil olmuş virion, yəni tam formalaşmamış virus, onun geninin kodunu dəyişərək, özlərinə bənzər canlıları – virusları istehsal etməyə “məcbur” edir və həmin  hüceyrələrdə viruslar intensiv hasil olur.  Məhz bu xüsusiyyət virusların çox sürətli inkişafının və yayılmasının əsasını təşkil edir. Ona görə də hazırda təbiətdə yayılmış müxtəlif infeksiyaların 85%-dən çoxunu viruslar törədir.

Müasir virusologiyanın tam araşdıra bilmədiyi məsələlərdən biri virusların təbiəti ilə bağlıdır. Yəni, virusları canlı orqanizm adlandırmaq olarmı? Yuxarıda qeyd etdiyimiz kimi virusların tam hüceyrəvi qurulusu və bu strukturu formalaşdıran komponentləri yoxdur. Məlumdur ki, canlı orqanizmin başlıca əlaməti onun stabil hüceyrə quruluşunun olmasıdır. Belə olduqda iki məsələ diqqəti çəkir: vüruslarda  hər hansı bir genetik material movcuddur ki, onlar hüceyrəyə daxil olanda orada özünü  onun bir parçası, bir üzvü  kimi  “doğma” apara bilir ki, hüceyrə onu qəbul edir. Bu zaman virus ozünün lazım olan genetik materialının gərəkli hissəsini orda bərpa edir, necə deyərlər, tam formalaşır. Digər tərəfdən artıq hüceyrədə özünə yer edən virus hüceyrədaxili infeksion mərhələyə çatdıqda, sahib hüceyrəsinin genetik kodunu nəzarətə alır, öz “diktəsi” altında orda  sürətli “istehsala” başlayır, digər hüceyrələrə də yayılır. 

Maraqlı məsələlərdən biri də virusların sahib hüceyrələri ilə təmasıdır. Necə olur ki, “yad” bir canlı, mükəmməl qorunma sisteminə malik olan orqanizmə daxil ola bilir, onun hüceyrələrinin işərisinə nüfuz edir?  Virusların belə sürətli çoxalma mexanizminin  bioloji və genetik  xüsusiyyətləri nədir? İlk  növbədə nəzərə almaq lazımdır ki, virus hüceyrə ilə təmasda özünü onun bir hissəsi kimi aparır. Çünki, sahib orqanizminin hüceyrəsi virus üçün yaşama mühitidir, onun bütün həyati proseslərinin  (yaranma, inkişaf, çoxalma və yayılma) getdiyi bioloji sahədir.

Virusun reproduksiyası ardıcıl iki mərhələdə gedir.  Əvvəlcə   virion  sahib hüceyrəsinin membranına yaxınlaşır. Bu zaman  müxtəlif qütplü (müsbət-mənfi) elektrostatik prinsipə əsaslanan yaxınlaşma, cəlb etmə prosesi gedir ki, virion hüceyrə membranına yapışır. Sonra virionun amin turşusu, zülal, karboksil və fosfat qrupları hüceyrə divarına əridərək onun daxilinə keçməsini  (viropeksis) təmin edir. Beləliklə, virusun hüceyrədə sintezi prosesi başlayır.

 Virusların mənşəyini araşdırarkən, canlı orqanizmin başlanğıcının hüceyrə ilə hüdudlanmadığı qənaətinə gəlmək olur. Viruslar hüceyrəvi quruluşa malik olamasalar da  reproduktiv prosesdə həyati vacib komponentləri sürətlə sintez etməsi, bir növü özünü hüceyrəvi canlı kimi aparması, onların hüceyrənin ayrı-ayrı genlərindən  və ya orqanellərindən əmələ gəlməsi ehtimalını verir. Daha dəqiq ifadə etsək, virusların hüceyrədən daha əvvəl yarandığı hipotezini də nəzərdən keçirməyə əsas verir. 

Müasir taksonomiyada  viruslar-canlı aləmin bir çox xüsusiyyətlərinə malik olan mikroelementar biosistem kimi ifadə olunur. Bu xüsusiyyətlərə  virusların genetik materialının olması, xarici mühit amillərinə uyğunlaşması (adaptasiya) və genetik kodunu  dəyişdirməsi (mutasiya) və s. aid edilə bilər.

Ötən dövrlər ərzində virusların genetik kodunda baş verən   dəyişkənliklər müasir dövrün bəlasına çevrilmiş epidemiya və pandemiyaların əsasını qoymuşdur. Yəni, bioloji-genetik baxımdan diqqətə alsaq, virusların parazitlik etdiyi canlılarda spesifikliyi mövcuddur. Məntiqə görə, bir canlıda parazitlik edən virusa  başqa növ canlılar həssas olmurlar.  Məsələn, dabaq bir qrup kənd təsərrüfatı heyvanlarının-qara-mal, davar və s. virus xəstəliyi olmasına baxmayaraq, atlar bu  xəstəlik törədicisi ilə yoluxmurlar.  İnsan heyvanların, itlər atların, quslar məməli heyvanların taun virusu ilə yoluxmurlar.

Çox təəssüf ki, son illər müxtəlif səbəblərdən – ekoloji fəlakətlər, qlobal dəyişikliklər, müharibələr, insanın bir parçası olduğu təbiətə amansız münasibəti virusların genetik kodunun dəyişməsinə səbəb olmuşdur. Nəticədə, son günlərin dəhşətli fəlakətlərindən biri olan koronavirus infeksiyasının yayılması bəşəriyyəti Hamletin məşhur “Olum ya ölüm” dileması qarşısında qoyumuşdur.

Təbii ki, bəşəriyyət yarandığı gündən zaman-zaman müxtəlif virusların törətdiyi  dəhşətli infeksiyalarla üzləşmişdir. Təkcə, yüz il ərzində yayılmış “İspan qripi”, “Quş qripi”, “Donuz qripi”, “Ebola”, “QİÇS”  kimi epidemiyalar milyonlarla insanın həyatına son qoymuşdur. Təkrarlanan belə virus kataklizmləri artıq bəşəriyyəti düşünməyə vadar edir. Nədən bunlar baş verir? Nəyə görə viruslar belə sürətli “şəkildəyişmələr” edirlər? Və hər belə  dəyişkənlik, “virus şıltaqlığı” yeni-yeni xəstəliklərin başlanğıcı olur. Nə qədər ki insan oğlu bu sualların cavabını düşünməyib müxtəlif  fəlakətlərlə qarşılaşmağa məcburdur...

İqlim dəyişkənliyi və ekoloji tarazlığın pozulması, təbii  fəlakətlər, eləcə də insan-təbiət əlaqələrinin kəskinləşməsi  gələcəkdə də  yeni  infeksiyaların yayılmasının qaçılmaz olması ehtimalını yüksəldir.

Ümumiyyətlə, müxtəlif virus infeksiyalarına qarşı orqanizmin ilkin müdafiə sipəri anadangəlmə immunitetdir. Anadangəlmə immunitet zamanı orqanizmin hüceyrələri  xüsusi mexanizmləri vasitəsilə  patogenləri-xəstəlik törədə bilənləri tanıyır, təfriq edir və reaksiya göstərir. Bir də, bəzi infeksiyaların gedişində həmin xəstəlik törədicisi ilə yoluxub sağaldıqdan sonra  orqanizmin qazandığı immunitet ola bilir.

 Hazırda dünyada müxtəlif bakteriya və virus xəstəliklərindən qorunmasında, infeksiyaların qarşısının alınmasında ən effektiv vasitə  kimi vaksinlərdən  istifadə edilir. Vaksinlər – müəyyən infeksion xəstəlik törədicisinə qarşı orqanizmdə immuniteti təmin edən bioloji aktiv maddədir. Hazırlanan vaksinlər xəstəlik törədicisinin zəiflədilmiş və ya öldürülmüş ştammlarından alınmaqla, onların patogenlik xüsusiyytlərini orqanizmə ötürür, xüsusi qoruycu antitellərin əmələ gəlməsinə səbəb olur. Antigen kimi orqanizmə daxil olan vaksin xəstəlik törədə bilmir, lakin orqanizmin bütün immun sistemini xəstəliyə qarşı yönəldə bilir ki, xarakterik xəstəlik  baş verən zaman törədicini tanımaqla antitellər əmələ gətirir, yəni adaptiv immuniteti formalaşdırır. Buna süni qazanılmış immunitet deyilir, hətta,  bəzi xəstəlik törədicilərinə qarşı  orqanizmi ömürlük dayanıqlı edə bilir.

İnfeksion xəstəliklərin qarşısının alınmasında digər mühüm məsələ dezinfeksiya tədbirlərinin aparılmasıdır.  Bu gün dünyada tüğyan edən  virus infeksiyası respublikamızda pandemik səviyyədə deyil. Bunun başlıca səbəbi istər respublikada, istərsə də muxtar respublikamızda profikatiki tədbirlərin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsidir.

Dövlətimiz tərəfindən  vaxtında və məqsədyönlü şəkildə aparılmış qabaqlayıcı tədbirlər kompleksinin tətbiqi nəticəsində dünyada sürətlə yayılan və hər gün minlərlə insanın ölümünə səbəb olan yeni koronavirus infeksiyasının  ölkəmizdə sürətli yayılmasının qarşısı alınmışdır. Təhlükə törədə biləcək miqrasiya prosesləri, karantin qaydalarını yarada bilən hallar tam nəzarətə götürülmüşdür. Əhali arasında maarifləndirmə işi yüksək səviyyədə təşkil edilmişdir. Dövlət orqanları, əlaqədar təşkilatlar və  mütəxəssislər  əhalinin sağlamlığının qorunması işlərinə səfərbər edilmişdir. Bütün bunlar öz müsbət nəticələrini verməklə, əhali arasında virus infeksiyasına yoluxmanı minimuma endirmişdir.

Ümid edirik ki, qısa müddətdə koronovirus pandemiyası sönəcək, tezliklə həyat əvvəlki axarına dönəcək. Ancaq, bu günün tez gəlməsi  üçün hər bir şəxs gigiyena qaydalarını gözləməklə, vacib olan karantin  şərtlərinə əməl etməlidir. Bunlarsız viruslarla mübarizə öz  müsbət nəticəsini verə bilməz. 

Etibar Məmmədov

biologiya üzrə elmlər doktoru 

Naxçıvan Dövlət Universitetinin Magistratura mərkəzinin direktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR