Pedaqoji kadr hazırlığının ən vacib sahələrindən biri də pedaqoji təcrübədir. Pedaqoji təcrübə prosesində tələbələrin ali məktəblərdə aldıqları nəzəri biliklər dərinləşir, möhkəmlənir, tələbələr pedaqoji iş sahəsində yeni bacarıq və vərdişlərə yiyələnirlər. Mütəxəssis hazırlığı məhz təcrübə yolla başa çatır, nəzəri biliklər pedaqoji təcrübə müddətində əməli icra oluna-oluna mənimsənilirlər. Bu yolla pedaqoji təfəkkür, pedaqoji qabiliyyət formalaşır ki, bunlar da pedaqoji səriştənin vərdiş halında möhkəmlənməsinə və gənc müəllimlərin bir mütəxəssis kimi tam formalaşmasına səbəb olur.
Müasir dövrdə ali məktəbdə aparılan islahatlar müəllim kadrları hazırlığına daha məsuliyyətlə yanaşmağı tələb edir. Respublikamızın ictimai həyatında baş verən mütərəqqi dəyişikliklər, təhsil sisteminin köklü surətdə dəyişməsi, ali təhsilin Boloniya prosesinə qoşulması geniş dünyagörüşünə, möhkəm əqidəyə, saf əxlaqa, zəngin mənəviyyata, yüksək elmi-nəzəri və pedaqoji-psixoloji hazırlığa malik olan yaradıcı müəllim kadrlarına ehtiyac doğurur. Bu işdə “ağırlıq mərkəzi” pedaqoji təcrübənin üzərinə düşür. Bu, ondan irəli gəlir ki, pedaqoji təcrübə prosesində təhsil-tərbiyə məsələləri kompleks şəkildə həll olunur. Pedaqoji təcrübə gələcək müəllimin psixoloji, pedaqoji, metodik, ixtisas hazırlığını təmin edir, ali məktəbdə tədris prosesində qazandığı nəzəri bilikləri dərinləşdirir, ümumi bacarıqlarını möhkəmləndirir, peşə ilə bağlı müvafiq bacarıqlar formalaşdırır, müəllimlik fəaliyyəti üçün zəruri olan şəxsi keyfiyyətləri inkişaf etdirir, yaradıcılıq təcrübəsini, təşəbbüskarlığı, müstəqil və tənqidi düşünməyi öyrədir.
Bu baxımdan tələbənin gələcək müəllim kimi hərtərəfli hazırlığı pedaqoji təcrübədə həyata keçirilməli və o, məktəb müəlliminin real peşə fəaliyyətinə maksimum dərəcədə yaxın olmalıdır. Buna görə də, pedaqoji təcrübə fəal xarakter daşımalı, tələbə özünü məktəbdə, dərsdə, dərsdənkənar tədbirlərdə müəllim kimi hiss etməli, müəllim kimi davranmalı və fəaliyyət göstərməlidir. Bu məqsədlə, hər bir pedaqoq tələbələri pedaqoji təcrübə başlamazdan xeyli əvvəl görəcəkləri işlərin məzmunu ilə ətraflı tanış etməlidir. Çünki, pedaqoji təcrübənin əsas məqsədi yüksək professional hazırlığa malik müəllim kadrları yetişdirməkdir.
Təcrübə başladığı gündən pedaqoqun məsləhəti və tələbənin təhkim olunduğu sinfin rəhbərinin iştirakı ilə hər bir tələbə pedaqoji təcrübənin fərdi planını tərtib etməlidir. Pedaqoq tələbələrin fərdi planlarını təsdiq edir, təcrübə müddətində tələbələri fərdi planın icrasına istiqamətləndirir, onun icrasına nəzarət edir, qiymətləndirir və korreksiya işi aparır.
Onu da qeyd etmək lazımdır ki, pedaqoji təcrübə dövründə siniflərdə şagirdlərlə tərbiyəvi söhbətlərin aparılması da xüsusi əhəmiyyət kəsb edir. Tərbiyəvi mövzuda söhbətlərin aparılması təcrübəçi tələbədən ciddi surətdə hazırlıq tələb edir.
Tərbiyəvi söhbətlərin təşkili və onun aparılması söhbətə hazırlıqdan başlayır. Qeyd edək ki, hazırlıq iki mərhələni əhatə etməlidir:
1. Təcrübəçi tələbənin özünün hazırlığı;
2. Şagirdlərin söhbətə hazırlanması.
Onu da qeyd edək ki, tərbiyəvi söhbətlərin aparılması isə üç hissədən ibarətdir:
1. Təcrübəçi tələbənin giriş sözü;
2. Şagirdlərlə müsahibənin aparılması;
3. Tələbənin gəldiyi nəticə.
Tərbiyəvi söhbətlərin belə hazırlanması və aparılması tələbələrin şablonçuluqdan, hər hansı bir tərbiyəvi söhbətin mətnini yazıb şagirdlərə oxumaqdan uzaqlaşdırır və onun təsirli olmasına səbəb olur. Buna görə də belə söhbətlərə məsuliyyətlə yanaşmaq lazım gəlir. Seçilən mövzunun müasirliyi, onun məqsədinin aydın dərk olunması, şagirdlər arasında iş bölgüsünün düzgün aparılması, mənbələrin onlara çatdırılması bu prosesdə xüsusi əhəmiyyət kəsb edir.
Onu da qeyd edək ki, keçiriləcək tərbiyəvi tədbirlərdə mövzunun seçilməsində tələbə müəyyən qədər sərbəstdir. Lakin buna baxmayaraq təcrübəçi tələbə sinfin xüsusiyyətlərini və şagirdlərin yaş səviyyələrini mütləq nəzərə almalıdır.
Pedaqogika üzrə elmlər doktoru, professor Fərrux Rüstəmov pedaqoji təcrübə müddətində pedaqoqun icra etdiyi vəzifələri aşağıdakı şəkildə qruplaşdırmışdır:
1. Başlanğıc və yekun konfransda iştirak etmək;
2. Tələbələri pedaqoji təcrübənin məqsəd və vəzifələri ilə tanış etmək;
3. Pedaqoji təcrübə sənədlərinin tərtibi yollarını öyrətmək;
4. Təcrübəçi tələbənin fərdi iş planının tərtibinə kömək etmək və təsdiqləmək;
5. Sinif rəhbəri ilə birlikdə tələbələrin təcrübə müdətində reallaşdıracağı tərbiyəvi tədbirləri planlaşdırmaq;
6. Tələbələri məktəbdə tərbiyə işlərinin metodikası ilə tanış etmək;
7. Tələbələrə ümumtəhsil sistemində aparılan islahatlar və təhsil-tərbiyənin aktual məsələləri haqqında məlumat vermək;
8. Müasir dərsə verilən tələblər, interaktiv təlim metodları, pedaqoji texnologiyalar və pedaqoji innovasiyalar haqqında elmi məlumatlar vermək;
9. Tələbələri dərsə hazırlıq, dərsin icmalının yazılması, dərsin təşkili və keçirilməsi ilə bağlı bilgilərlə məlumatlandırmaq;
10. Tələbələrə dərsin müşahidəsi və təhlili yollarını öyrətmək:
11. Tələbələrin sınaq dərslərini dinləmək və müzakirəsində iştirak etmək:
12. Sinifdənkənar tədbirlərin təşkilində və keçirilməsində tələbələrə kömək etmək və keçirilən tədbirləri təhlil edib qiymətləndirmək;
13. Tələbələri şagirdlərin fərdi xüsusiyyətlərinin öyrənilməsi metodları ilə tanış etmək;
14. Pedaqoji təcrübəyə dair sərgi təşkil etmək məqsədilə nümunəvi materialların toplanmasında iştirak etmək;
15. Hər həftə tələbələrin gördükləri işlər haqqında hesabatlarını dinləmək;
16. Tələbələrin pedaqoji təcrübənin səmərəlilyini artırmaq məqsədilə verdikləri təklifləri müvafiq strukturlara çatdırmaq;
17. Tələbələrin apardıqları tərbiyə işləri barədə pedaqoji təcrübə rəhbərinə məlumat vermək;
18. Pedaqoji praktikanın təşkili, gedişi və yekunu barədə həm yazılı, həm də şifahi formada kafedraya hesabat vermək;
Qeyd edək ki, təcrübənin yekununda təcrübəçi tələbə emosional şəkildə mövzuya aid nümunələr göstərir, görkəmli şəxsiyyətlərdən sitatlar gətirir, həyati faktarla şagirdləri həyəcanlandırır və inandırır.
Sonda onu qeyd edək ki, məktəblərdə keçirilən dərslərdə və təşkil olunan tərbiyəvi tədbirlərdə bütün müəllimlər hər zaman çalışmalıdırlar ki, şagirdlərdə milli mənlik şüurunun formalaşmasına, milli ləyaqət, dəyanət və düşmənə nifrət tərbiyəsinə, öz soy-kökünə qayıdışa, islam dəyərlərinə münasibətə və milli iftixar tərbiyəsinə daha geniş yer versinlər.
TALEH XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin baş müəllimi,
pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Təhsil Şurasının üzvü