22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində “Azərbaycan Respublikası iqtisadiyyatının davamlı inkişafında innovasiyaların rolu” adlı respublika elmi konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar innovasiya və texnologiyaların inkişafına da öz müsbət təsirini göstərir. Müasir dövrdə ölkə başçısının qətiyyətli rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları muxtar respublikada da iqtisadi inkişafın artım dinamikasını təmin edib. Ölkənin xarici siyasətinin əsasında iqtisadi imkanların əsas yer tutduğunu qeyd edən rektor iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu diqqətə çatdırıb.

“Azərbaycan Respublikasında innovasiya yönümlü iqtisadi inkişaf modelinə keçidin zəruriliyi və davamlı inkişafın təmin edilməsinin əsas prinsipləri” mövzusunda çıxış edən iqtisad üzrə elmlər doktoru, professor Teymur Abbasov qeyd edib ki, innovasiya termini elmi-texniki inkişaf, keyfiyyəti artırmaq və mövcud sistemi daha da təkmilləşdirmək mənasını ifadə edir. Yeni ideyaların, təkliflərin, elmi-texniki inkişaf nəzəriyyələrinin praktik tətbiq edilməsinin kompleks həyata keçirilməsi prosesi olan innovasiya əsaslı iqtisadiyyat dövrünün ən dinamik və gəlirli istiqamətlərindən sayılır.
İqtisad üzrə fəlsəfə doktoru, AMEA İqtisadiyyat İnstitutunun böyük elmi işçisi Təbriz Yadigarov “Dəniz nəqliyyatının iqtisadi artıma təsirinin qiymətləndirilməsi” mövzusunda çıxışında bildirib ki, dünyanın mühüm qlobal problemlərindən olan qədim İpək Yolunun bərpası və Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb kimi iki böyük nəqliyyat qovşağında yerləşməsi Azərbaycanda dəniz nəqliyyatının inkişafını şərtləndirir.
“Sənaye 4.0 və onun iqtisadi inkişafa təsiri” mövzusunda çıxış edən iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova vurğulayıb ki, dijital adlandırılan dördüncü sənaye inqilabı bütün sahələrdə insanların rolunu minimuma endirəcək. “Sənaye 4.0” dövründə robotlaşma təkcə insanların öz iş yerlərini itirməsi ilə deyil, həmçinin biznesin ən fərqli sahələrində: menecment, İT, robotlaşma, mühəndislik, elektroenergetika, marketinq və satışda yeni imkanların yaranması ilə müşayiət olunacaq. Bu sənaye inqilabında rəqabətə tab gətirmək üçün innovasiyaların tətbiqinin vacibliyi qeyd edilib.
Konfrans bölmə iclasları ilə davam edib.
Sonda konfrans iştirakçılarına rektor tərəfindən sertifikatlar təqdim edilib.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR