Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində keçirilən müşavirədə rektor, dosent Elbrus İsayev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü ilə 1999-cu ildən tibb təhsili sahəsində yeni mərhələnin əsası qoyulub. Vurğulanıb ki, 2019-cu ilin iyun ayında fakültənin müasir tibbi avadanlıqlarla təchiz edilmiş yeni tədris kompleksinin istifadəyə verilməsi bu sahədə aparılan inkişaf strategiyasına ən bariz nümunədir. Rektor bildirib ki, artıq 20 illiyi qeyd edilən fakültədə ali tibb təhsilinin keyfiyyətinin yüksəldilməsi, tədris və istehsalat bazalarının daha da işlək vəziyyətə gətirilməsi, yeni layihələrin, tibbi kadrların hazırlanması sahəsində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi əsas prioritetlərdən biri olmalıdır.
“Naxçıvan Dövlət Universitetində tibbi kadrların hazırlığının indiki vəziyyəti, qarşıda duran vəzifələr” mövzusunda fakültənin dekanı, dosent Elsevər Əsədov çıxış edərək bildirib ki, 2003-cü ildən müstəqil fəaliyyət göstərən fakültədə hazırda 680-ə yaxın tələbə təhsil alır. Onların 300-dən çoxu xarici ölkə vətəndaşıdır. 2012-ci ildən rezidentura hazırlığına başlanılan fakültədə 24 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir, hazırda 56 həkim-rezident də muxtar respublikanın xəstəxanalarından tədris-klinik baza kimi istifadə edir.
Sonra müəllimlərin mövzu ilə əlaqədar təklifləri dəyərləndirilib, müzakirələr aparılıb.
Səadət Əliyeva