Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkənin hərtərəfli tərəqqisində, uğurlar qazanılmasında təhsilin xüsusi rolunu həmişə vurğulamış, onu yüksək dəyərləndirmişdir. Ulu öndərimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də təhsilin inkişafına böyük qayğı ilə yanaşmış, ölkəmizdə təhsilin prioritet sahə olduğunu dəfələrlə bəyan etmişdir. Yeni məktəb binalarının tikilməsi, müasir universitet şəhərciklərinin, peşə və orta ixtisas məktəbləri üçün tədris korpuslarının istifadəyə verilməsi gənclərin keyfiyyətli təhsili üçün hərtərəfli şərait yaratmışdır.
Bu gün muxtar respublika gəncləri ən qabaqcıl informasiya texnologiyalarından, distant təhsil imkanlarından istifadə edirlər. İstər Naxçıvan şəhərində, istərsə də ən ucqar dağ və sərhəd kəndlərində şagirdlərin istifadəsinə müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik olan kitabxanalar və idman zalları verilib.
Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı, yeni sənaye və xidmət sahələrinin yaradılması, həmin sahələrdə müasir informasiya texnologiyalarının tətbiqi, xüsusən dəqiq elmlər sahəsində tədrisin səviyyəsinin yüksəldilməsini tələb edir. Bununla əlaqədar muxtar respublikamızda dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Liseyin yaradılması bunun daha bir nümunəsidir. Lisey 2016-cı il sentyabrın 15-də – Bilik Günündə istifadəyə verilmişdir. Məktəbin kollektivi ilə görüşündə Ali Məclisin Sədri demişdir: “Vətənə, xalqa xidmətin ən yaxşı yolu mükəmməl təhsil almaqdır. Hər bir gənc bilməlidir ki, o yaxşı təhsil almaqla, ilk növbədə, ölkəmizin inkişafına öz töhfəsini vermiş olur”.
Qeyd edək ki, müasir tədris şəraiti yaradılan liseyə muxtar respublikanın ayrı-ayrı rayonlarından olan istedadlı uşaqlar müsabiqə yolu ilə seçilirlər. Onlar yataqxana və yüksəkkeyfiyyətli yeməklə təmin edilirlər. Şagirdlərə burada əsas fənlərdən dərinləşdirilmiş proqramla dərslər keçilir. Liseydə uşaqların yüksək hazırlıq səviyyəsini təmin etmək üçün müasir maddi-texniki baza mövcuddur. Burada interaktiv dərslər yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. Dərslərində xüsusi fərqlənən və istedadı ilə seçilən məktəblilər muxtar respublika və ölkə səviyyəli olimpiadalara hazırlaşdırılırlar.
Zirzəmi qatı ilə birlikdə beş mərtəbədən ibarət olan lisey tədris və yataqxana korpuslarından ibarətdir. 380 yerlik tədris korpusunun 5-i elektron lövhəli olmaqla, 19 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat, iki kompüter, müəllimlər otağı, 55 yerlik akt zalı, kitabxana, arxiv və bufeti vardır. Liseydə internetlə bağlantısı olan 42 kompüter quraşdırılmış, kitabxanada 4 min 184-ü dərslik, 2 min 65-i bədii ədəbiyyat olmaqla, 6 min 249 kitab, 2 mindən artıq elektron dərslik mövcuddur. Şagirdlərə elektron lövhələr vasitəsilə muxtar respublikanın müxtəlif muzeylərindən birbaşa yayımlanan interaktiv dərsləri izləmək imkanı yaradılmışdır.
Təhsil müəssisəsinin 273 yerlik yataqxanasında 5 və 3 yerlik 87 yataq otağı, növbətçi, nəzarətçi və istirahət, həkim və müayinə otaqları, idman zalı, yeməkxana, mətbəx, ərzaq anbarları, bərbərxana, təsərrüfat otağı və camaşırxana vardır. Otaqlar zəruri mebel avadanlıqları ilə təchiz olunmuşdur. Bütün bunlar isə şagirdlərin sağlam böyümələrinə, hərtərəfli inkişafına şərait yaradan amillərdir.
Liseydə təhsil alan 229 şagirdin təlim-tərbiyəsi ilə 33 müəllim məşğul olur. Ötən tədris ilində liseyin ilk məzunları buraxılmışdır. Nəticələr də ürəkaçan olmuşdur. Belə ki, məzunların hamısı respublikanın müxtəlif ali məktəblərinə daxil olaraq tələbə adını qazanmışdır. 9 məzunun göstəricisi isə 500-700 bal intervalında olmuşdur. Məktəbi qızıl medalla bitirən Real Sərxanbəyli isə 665 balla Bakı Mühəndislik Universitetinin tələbəsi adını qazanmışdır.
Bu gün davamlı olaraq muxtar respublikada təhsil sahəsində islahatlar həyata keçirilməkdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, təhsilimiz özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Qazanılan bütün nailiyyətlər muxtar respublika rəhbərinin təhsilə verdiyi önəm və qayğıdan güc alır. İnanırıq ki, ilk iki buraxılışın sevincini yaşayan Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin pedaqoji kollektivi qazanılan uğurlarla kifayətlənməyəcək, bu tədris ilində də yüksək nəticələrin əldə edilməsinə çalışacaq, gənc nəslin milli, ümumbəşəri ideyalar ruhunda tərbiyə olunması üçün yaradılmış imkanlardan maksimum istifadə edərək tədrisin kəmiyyət və keyfiyyətinin daha da yüksəldilməsinə nail olacaqdır. Dövlət qayğısı ilə əhatə olunan bu təhsil müəssisəsi gələcək illərdə böyük uğurlara imza atacaqdır.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti