Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin hamiliyinə verilmiş müvafiq ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru Saleh Məhərrəmov açıb.
Rektor qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamı ilə “İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin həyata keçirilməsi hamiliyə verilən təhsil müəssisələri və hami təşkilatlar qarşısında əsas vəzifə kimi müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarında əksini tapan vəzifələrin icrası istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edilib ki, sərəncama uyğun olaraq Dövlət Nəqliyyat Xidməti tərəfindən ali və orta ixtisas təhsili müəssisələri ilə qarşılıqlı tədbirlər planı hazırlanaraq təsdiq olunub. Tədbirlər planına uyğun olaraq tələbələrlə görüşlər keçirilib. Tələbələrin xidmətin bazasında praktik təcrübələr keçmələri təmin edilib, təcrübə dövründə tələbələrin uyğun ixtisaslar üzrə məşğələlərinin səmərəli keçirilməsi üçün Dövlət Nəqliyyat Xidmətinin inzibati binasında, Avtobus parkında və Naxçıvan Avtovağzalında hərtərəfli şərait yaradılıb. “İdeyadan başlanğıca” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Dövlət Texniki Kollecinin müvafiq ixtisaslı tələbələrindən ibarət “Nəqliyyat könüllüləri” adlı qrup yaradılıb ki, bu da avtonəqliyyat xidməti sahəsində könüllülərin yetişdirilməsi ilə yanaşı, gələcəkdə onların işlə təmin edilməsinə stimul olacaqdır.
Xidmətin rəisi bildirib ki, yeni sərəncamla qarşıya qoyulmuş vəzifələrin icrasının təmin edilməsi, hamiliyə verilmiş ixtisaslar ilə işin təşkili, yeni layihələrin qiymətləndirilməsi və həyata keçirilməsi üçün ekspert qrupu və ictimai əsaslarla fəaliyyət göstərən startapların dəyərləndirilməsi mərkəzi də yaradılıb.
Sonra xidmətin əməkdaşı Zamiq Cəlilov tərəfindən “Startap nədir” mövzusunda təlim keçirilib. Slayd vasitəsilə tələbələrə mövzu ilə bağlı ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Səadət Əliyeva