Dünən Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə 2019-cu il 15 aprel tarixdə keçirilmiş “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” müşavirədən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə rektor Elbrus İsayev açaraq “Startap Naxçıvan” hərəkatına institutun uğurla qoşulması üçün kollektivin qarşısında duran məsul vəzifələrdən danışıb. Qeyd edib ki, müvafiq sərəncamın icrası ilə əlaqədar Naxçıvan Müəllimlər İnstitutunda İnnovasiya laboratoriyası (İnnoLab) yaradılıb. Bu laboratoriya institutda tələbələrin startapla bağlı biliklərinin formalaşması, biznes layihə və planlarının qurulması, bu layihələrin təqdimatı ilə bağlı maarifləndirici treninqlərin keçirilməsini təmin edəcək, tələbə və müəllimlərin innovativ təkliflərinin dəyərləndirilməsinə, bu layihələrin həyata keçirilməsi üçün informasiya texnoloji təminat mühitinin yaradılmasına, internetdə bu layihələrin müzakirə olunmasına köməklik göstərəcək. İnstitutun internet saytında startap layihələrinin qəbulu ilə bağlı “İdeya bankı” yaradılıb. Buraya təqdim olunan layihələr institutumuzun innovativ layihələrlə bağlı ekspert şurasında müzakirə və təhlil edilərək dəyərləndiriləcəkdir.
Çıxışlardan sonra tədbir iştirakçıları İnnovasiya laboratoriyası ilə tanış olub, “İdeya bankı”nın təqdimatı keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti