Fransanın Montpelyer Universitetinin NİZAMİ layihəsi üzrə koordinator Veronik Montero, layihənin meneceri Artur Resve, layihənin assistantı Ana Yanyuseviç, Erasmus+ Milli ofisinin rəhbəri Pərviz Bağırov Naxçıvan Dövlət Universitetində olublar.
“Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması” (NİZAMİ) layihəsinin universitetdə icra vəziyyətinə nəzarət məqsədi daşıyan görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək bildirib ki, elm və təhsilin inteqrasiyası baxımından böyük əhəmiyyətə malik olan bu layihə Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə doktorant və dissertantların fəaliyyətlərinin daha şəffaf və obyektiv qiymətləndirilməsinə imkan verəcək.
Naxçıvan Dövlət Universitetinin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov universitetdə elmi istiqamət üzrə kadr hazırlığı barədə məlumat verib.
Görüşdə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi, filologiya üzrə fəlsəfə doktoru Leyla Səfərova, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, Naxçıvan Müəllimlər İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qurban Qurbanov layihənin uğurlu cəhətlərindən və gələcək perspektivlərindən söhbət açıblar.
Xarici tələbələrlə iş üzrə dekan, filologiya üzrə fəlsəfə doktoru, dosent Ceyran Quliyeva Avropa İttifaqının NİZAMİ layihəsi barədə ətraflı məlumat verib.
NİZAMİ layihəsi üzrə koordinator Veronik Montero, layihənin meneceri Artur Resve çıxışlarında bildiriblər ki, layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır.
Erasmus+ Milli ofisinin rəhbəri Pərviz Bağırov bildirib ki, 2015-ci ildə icrasına başlanılan layihənin ölkə üzrə əlaqələndiricisi Təhsil Nazirliyidir. 2020-ci ildə yekunlaşacaq layihənin gələcək perspektivlərə imkan yaradacağı vurğulanıb.
Sonra qonaqlar universitetin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində olublar.
Səadət ƏLİYEVA