07 Yanvar 2025, Çərşənbə axşamı

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinə hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müvafiq sərəncamın icrası istiqamətində universitetdə keçirilən tədbirlərin artıq ənənə halı aldığını vurğulayıb. Diqqətə çatdırılıb ki,“İdeyadan başlanğıca” devizi altında innovasiyaya və dayanıqlı inkişafa əsaslanan yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin həyata keçirilməsi hamiliyə verilən təhsil müəssisələri və hami təşkilatlar qarşısında əsas vəzifə kimi müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikası Vergilər naziri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev bildirib ki, bugünkü tədbirin məqsədi qarşılıqlı fikir mübadiləsi aparmaqla yeni innovativ fikirlərin, layihələrin üzə çıxarılması və bu layihələrin gerçəkləşdirilməsində tələbələrə dəstək göstərməkdən ibarətdir. Nazir rəqəmsal texnologiyalara, elektron biznesə, proqram təminatı kimi innovativ sahələrə əsaslanan startap layihələrinə tətbiq edilən vergi güzəştləri haqqında məlumat verib. Bildirib ki, 2019-cu ildən tətbiq edilən ən mühüm vergi güzəştlərindən biri də məhz mikro və ya kiçik sahibkarlıq subyektlərinə təqdim olunmuş startap layihələrinin 3 il müddətinə mənfəət və gəlir vergilərindən azad edilməsidir.

Qeyd edilib ki, artıq hamiliyə verilmiş ixtisasın tələbələri ilə Vergilər Nazirliyində “İdeyadan başlanğıca” devizi altında görüşlər keçirilib, hətta müəyyən təkliflər, fikirlər, ideyalar nazirliyin rəsmi internet səhifəsində yerləşdirilmiş startap layihələrinin onlayn qəbulu bölməsinə göndərilib.
Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Qəzənfər Bayramov slayd vasitəsilə startap layihələrin hazırlanma və dəyərləndirmə metodlarından, muxtar respublikada həyata keçirilən uğurlu startap layihələrindən bəhs edib. Tələbələr innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində məlumatlandırılıb, startapın kiçik biznesdən fərqli cəhətləri izah edilib.
Nazirliyin əməkdaşı Zahid Qənbərov vurğulayıb ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Startap layihələrinin qəbulu üçün müraciət” bölməsi yaradılıb. Nazirliyin saytı ilə tanış olan tələbələrə bildirilib ki, hər hansı bir ideya, layihə və ya təklif əsasında saytın startap layihələri üçün yaradılan bölməsinə müraciət edə və müvafiq dəstək ala bilərlər.

Səadət Əliyeva

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR