AMEA Naxçıvan Bölməsində Azərbaycan Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq konfransın Prezident cənab İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Vurğulayıb ki, alim Azərbaycan Dövlət Pedaqoji və Bakı Dövlət universitetlərində müxtəlif vəzifələrdə çalışıb, daha sonra fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, direktoru, eləcə də Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi kimi davam etdirib.
Məmməd Cəfər Cəfərovun Azərbaycanda ədəbiyyat nəzəriyyəsi məktəbinin əsas yaradıcılarından biri olduğunu deyən akademik bildirib ki, alim ölkə və dünya ədəbiyyatı tarixi, ədəbiyyat nəzəriyyəsi və estetika, fəlsəfə məsələlərinə dair fundamental əsərlər yazıb. Bundan əlavə, alimin Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun kimi qüdrətli söz ustalarının yaradıcılığına həsr olunan tədqiqat işləri işıq üzü görüb.
İsmayıl Hacıyev görkəmli akademikin 700-dən çox elmi məqalənin, 30-dan artıq kitab və monoqrafiyanın, dərsliklərin müəllifi olduğunu diqqətə çatdırıb.
Konfransda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun, filologiya üzrə fəlsəfə doktorları Nərgiz İsmayılova və Çinarə Rzayevanın məruzələri dinlənilib.
Tədbir çərçivəsində alimin əsərlərindən ibarət sərgi də təşkil olunub.
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi