Naxçıvan Dövlət Universitetində məzun gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov məzun adı qazanan magistr və tələbələri, onların üzərində böyük əməyi olan müəllim və valideynləri təbrik edib, məzunlara gələcək fəaliyyətlərində ali təhsil aldıqları universitetin adını daim uca tutmağı və müstəqil ölkəmizin tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb. Rektor Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, bir çox beynəlxalq layihələrdə uğurla iştirak edən, əməkdaşlıq əlaqələri ildən-ilə güclənən universitetin timsalında müasir ali təhsil müəssisəsi modeli yaradılıb. Rektor universitetin 2018-2019-cu tədris ilindəki nailiyyətlərindən bəhs edərək bildirib ki, bu il bakalavr üzrə 1435, magistratura üzrə isə 149 gənc öz ali təhsilini başa vurur.
Sonra məzun adını qazanmış bir qrup tələbə çıxış edib mükəmməl ali təhsil almalarında mühüm rolu olan pedaqoji kollektivə minnətdarlıqlarını çatdırıb. Çıxışçılar bütün məzunları əlamətdar gün münasibətilə təbrik ediblər.
Tələbə Teatr Studiyasının yallı və rəqs qrupunun ifaları tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. Muxtar respublikada qonaq olan Azərbaycan Respublikasının Əməkdar artisti İlqar Muradov da məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.
İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasının “Buta” instrumental ansamblının konsert proqramı, bir-birindən maraqlı mahnı və rəqslər tədbiri daha da rəngarəng edib.
Sonda məzun tələbələrlə xatirə şəkli çəkdirilib.
Səadət ƏLİYEVA