Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğunda Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının I və III kurs tələbələrinin iştirakı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri Səbuhi Şahverdiyev açaraq Ali Məclis Sədrinin hamiliklə bağlı imzaladığı sərəncamların əhəmiyyətindən, eləcə də 2019-cu il 3 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində görüləcək işlərdən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Təşkilat-analitik şöbəsinin rəisi, ədliyyə müşaviri Pərviz Zülfüqarov çıxış edərək bildirib ki, gənclərin dövrümüzlə uzlaşan yeni biliklərinin, onlara məxsus innovativ ideyaların istehsalatda geniş tətbiqi qabaqcıl ölkələrin həm iqtisadi, həm də siyasi maraqları ilə üst-üstə düşür.
Qeyd olunub ki, bununla bağlı 2019-cu il aprel ayının 15-də keçirilən müşavirədə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələrin (startapların) həyata keçirilməsi, hami təşkilatlar tərəfindən layihələri dəyərləndirəcək ekspert qrupların yaradılması, startapların qəbulu və təqdimatlarının keçirilməsi kimi qarşıya mühüm vəzifələr qoyulub. Sərəncamın icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda da ekspert qrupu yaradılıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat şöbəsinin rəisi, ədliyyə müşaviri Faiq Səfərov və Naxçıvan Muxtar Respublikası prokurorunun Beynəlxalq əlaqələr üzrə köməkçisi, kiçik ədliyyə müşaviri Emil Abdullayev çıxış edərək prokurorluq orqanlarının fəaliyyət istiqamətləri, bu istiqamətlər üzrə həyata keçirilə biləcək startap layihələrinin önəmindən, cəmiyyətə faydasından söhbət açıblar.
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru Qəhrəman Behbudov çıxışında belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Sonra tələbələr istintaq hərəkətlərinin aparılmasından və startap layihələrindən bəhs edən slayda baxıblar, onların “İdeyadan başlanğıca” devizi altında irəli sürdükləri layihələr dinlənilib. Həmçinin tələbələr Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İmtahan-informasiya sistemi ilə tanış olublar, kriminalistik avtomaşının iş prinsipini öyrəniblər.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində “Gömrük xidmətinin təkmilləşməsi və iş prosesinin sürətlənməsində avtomatlaşmanın rolu” mövzusunda praktik seminar keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə keçirilən tədbirdə Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş Dünya iqtisadiyyatı ixtisasının tələbələri iştirak ediblər.
Komitənin İnnovasiya Mərkəzinin rəhbəri, Gömrük əməliyyatlarının və risklərin idarəedilməsi bölməsinin rəisi, gömrük xidməti mayoru İsmayıl Məmmədov yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən startap layihələri barədə məlumat verib. Slaydlar vasitəsilə startapçılıq üçün tələb olunan keyfiyyətlər sadalanıb, muxtar respublikamızda bu istiqamətdə əlverişli mühitin formalaşdırıldığı önə çəkilib.
Texnoloji innovasiyalar və statistika bölməsinin rəisi, gömrük xidməti mayoru Emin Eylazov informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin gömrük xidmətinin inkişafında rolundan danışaraq bu sahədə tətbiq olunan innovativ layihələr barədə məlumat verib. Qeyd olunub ki, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi gömrük prosedurlarının sadələşdirilməsinə və ticarətin asanlaşdırılmasına yol açıb.
Dövlət Gömrük Komitəsi tərəfindən hamiliklə bağlı görüləcək işlər barədə məlumat verən komitənin hüquqşünası, gömrük xidməti mayoru Vüsal Həsənov gömrük sistemində startap layihələrin həyata keçirilməsi üçün əlverişli mühitin formalaşdırılması və uğurlu layihələrin dəstəklənməsi istiqamətində tədbirlər planının hazırlandığını deyib. Qeyd olunub ki, layihə müəllifi olan tələbələrin gömrük orqanlarında “Könüllü gömrükçü” kimi işləməsinə şərait yaradılması, uğurlu startap layihələrin investorlara təqdim edilməsinə köməklik göstərilməsi, investor və startapçı münasibətlərinin qurulmasında əlaqələndirici qismində iştirak kimi məsələlər də nəzərdə tutulub.
Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin dekanı, dosent Əşrəf Ələkbərov müvafiq sərəncamın icrasını təmin etmək məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən Naxçıvan Dövlət Universiteti tərəfindən görüləcək işlərdən danışıb. Qeyd olunub ki, İnnovasiya laboratoriyasının qurulması tələbələr üçün səmərəli innovasiya mühitinin formalaşması və innovativ təkliflərin həyata keçirilməsi üçün əlverişli şərait yaradıb.
Praktik seminardan sonra tələbələr komitənin Hədəf Mərkəzi ilə tanış olublar.
Xəbərlər şöbəsi