Naxçıvan Dövlət Universitetinin pedaqoji profilli ixtisaslarında təhsil alan III və IV kurs tələbələri üçün keçiriləcək pedaqoji təcrübənin başlanğıc konfransı olub.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq son illər ölkəmizdə təhsil sahəsində tətbiq olunan yeniliklərdən danışıb, təşkil edilən pedaqoji təcrübələrin əhəmiyyətindən bəhs edib.
Konfransda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində gənclərin ixtisaslı kadr kimi formalaşması üçün hər cür şərait yaradılıb. Bunun nəticəsidir ki, ötən il məzunlardan 764-ü ixtisas seçimi zamanı Naxçıvan Dövlət Universitetini seçib. Onlardan 297-si pedaqoji profilli ixtisaslarda təhsil alır.
Vurğulanıb ki, ali məktəbləri bitirən kadrların işlə təminatı da diqqətdə saxlanılır. 2018-ci ildən pedaqoji kadrların müsabiqə ilə işə qəbulu isə gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil müəssisələrinin bilikli müəllimlərlə təminatına geniş imkanlar açıb. Bu tədris ili ərzində 119 gənc kadr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək muxtar respublikanın ümumtəhsil məktəblərində ixtisasları üzrə müəllim kimi işlə təmin olunub. Onlardan 45-i Naxçıvan Dövlət Universitetinin məzunudur. Bununla yanaşı, vakant vəzifələrə işə qəbul üçün keçirilən imtahanların nəticələrinə uyğun olaraq universitetin 16 məzunu ümumtəhsil məktəblərində müvafiq vəzifələrə təyin olunub.
Təhsil naziri bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına əsasən “İdeyadan başlanğıca” devizi altında hamiliyə verilən təhsil müəssisələri həmin təşkilatlarla birgə innovasiyaya və dayanıqlı inkişafa əsaslanan, yaradıcı düşüncəni və elmi-texniki tərəqqini əks etdirən yeni layihələr həyata keçirəcəkdir. Artıq nazirlikdə sərəncamın icrası ilə bağlı təşkilati işlər görülür, layihələrin dəyərləndirilməsi üçün ekspert qrupu yaradılıb.
Təhsil naziri qeyd edib ki, 2019-cu il 15 aprel-31may tarixlərdə universitetin 456 tələbəsinin Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində və 13 şəhər, Babək rayonun Kərimbəyli, Şıxmahmud kənd tam orta məktəblərində təcrübə keçməsi üçün lazımi şərait yaradılıb. Təcrübəçi tələbələrə müasir təhsil sistemində pedaqoji yeniliklər, yeni dərsliklər, dərs vəsaitləri və elektron tədris vasitələrindən səmərəli istifadə yolları təcrübi şəkildə öyrədiləcək.
Rəhman Məmmədov çıxışının sonunda təcrübəçi tələbələrə uğurlar arzulayıb.
Konfransda universitetin Tədris şöbəsinin müdiri Şahin Əliyev “Pedaqoji təcrübənin təşkilinə aid müasir tələblər və qarşıda duran vəzifələr”, Pedaqogika və psixologiya kafedrasının müdiri Sevinc Orucova isə “Təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər” mövzularında çıxış ediblər. Çıxışlarda pedaqoji təcrübənin əhəmiyyəti və tədris planında yeri, təşkili ilə bağlı görülmüş işlər, təcrübə müddətində pedaqoq, psixoloq və təcrübəçi tələbələrin qarşısında duran vəzifələr barədə məlumat verilib.
Sonda Naxçıvan Dövlət Universitetində pedaqoji profilli ixtisaslar üzrə kadr hazırlığını yaxşılaşdırmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən universitetə 200-ə yaxın dərslik və metodik vəsaitlər hədiyyə edilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti