23 Dekabr 2024, Bazar ertəsi

İndoneziya Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, professor Hüsnan Bəy Fanani Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələri haqqında geniş məlumat verib.
Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində keçirilən tədbiri giriş sözü ilə açan rektor ali təhsil ocağının beynəlxalq əlaqələrinin sürətlə genişləndiyini bildirib. Universitetdə hazırda 500-ə yaxın xarici tələbənin təhsil aldığı vurğulanıb. Qeyd edilib ki, universitet müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsini həyata keçirir. Universitetdə hər bir fakültə üçün ayrıca tədris korpusunun olduğunu diqqətə çatdıran rektor bunu Ali Məclis Sədrinin xüsusi diqqət və qayğısı kimi dəyərləndirib.

Göstərilən səmimi münasibətə görə minnətdarlıq edən diplomat bildirib ki, artıq 3 ildir, Azərbaycanda səfir kimi fəaliyyət göstərir. Öz ölkəsi haqqında təqdimatla çıxış edən Hüsnan Bəy Fanani ölkə­sinin tarixi, coğrafi mövqeyi, mədəniyyəti, ictimai-siyasi və iqtisadi vəziyyəti, ordusu, İndoneziya-Azərbaycan əlaqələri barədə ətraflı məlumat verib. Diplomat vurğulayıb ki, İndoneziya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı və ədalətli mövqeyini, ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.
İncəsənət fakültəsində davam edən görüşdə pianoda Müslüm Maqomayevin “Azərbaycan” mahnısını universitetin kamera orkestrinin müşayiəti ilə ifa etməsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Səadət ƏLİYEVA
NDU-nun Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsinin müdiri

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR