Muxtar respublikamızda təhsilə böyük qayğı göstərilir. Müasir tələblər səviyyəsində inşa olunan təhsil müəssisələri bu sahənin inkişafına yeni üfüqlər açır. Məktəb tikintisi təkcə Naxçıvan şəhəri və ya rayon mərkəzləri ilə məhdudlaşmır, həmçinin ucqar dağ və sərhəd kəndlərində də ən müasir tələblərə cavab verən yeni məktəb binaları tikilir. İstifadəyə verilən məktəblərin hər birində müasir texniki avadanlıqlar quraşdırılır, kitabxanalar, idman zalları, fənn kabinələri, laboratoriyalar yaradılır, müasir kompüter dəstləri müəllim və şagirdlərin ixtiyarına verilir. Naxçıvan Qızlar Liseyi də bu qayğıdan bəhrələnən təhsil ocaqlarından biridir.
Azərbaycanda bütün dövrlərdə elmə, mədəniyyətə xüsusi önəm verilmiş, eləcə də qadının maariflənməsi, cəmiyyətdə və ailədə layiqli mövqeyə sahib olması daim diqqətdə saxlanılan məsələlərdən olmuşdur. Qadın ana kimi gələcəyimiz olan körpələrimizin ilk müəllimi, ən böyük tərbiyəçisidir. Ona görə də bu gün orta məktəb partası arxasında elmin ilkin sirlərinə yiyələnən qızlarımızın cəmiyyətə savadlı bir fərd kimi daxil olması vacib məsələlərdən biridir. Bu baxımdan maarifçi-ziyalılarımız həmişə qızların mükəmməl təhsil almasına çalışıblar. Fəal və mübariz Azərbaycan qadını hər zaman öz fəaliyyətində xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılmasına və zənginləşməsinə çalışıb. Onların qəhrəmanlığı tariximizin şərəfli səhifələrini təşkil etməklə yanaşı, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, yüksək əxlaqi, mənəvi keyfiyyətləri, vətənpərvərliyi və Vətənə hədsiz sədaqəti ilə seçilən gənclərin yetişdirilməsini diktə edir. Məhz bu cür gəncliyin formalaşması ən əvvəl ailənin, xüsusilə ananın üzərinə düşən əsas vəzifələrdəndir. Bu gün böyütdüyümüz qızlar ulu nənələrimizin, tariximizin səhifələrində ad qoymuş qadınlarımızın mənəvi varisləri kimi formalaşdırılmalıdırlar. Bu baxımdan Naxçıvan Qızlar Liseyi öz işini bu ənənələri qoruyaraq yüksək təhsilli, intellektual səviyyəli, vətənpərvər, əsl azərbaycanlı xanımının keyfiyyətlərini özündə daşıyan qızlar yetişdirmək yönündə qurmuşdur.
Qızlar Liseyi 1992-ci ildən fəaliyyət göstərir. 2012-ci il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 88-ci ildönümü günündə liseyin 608 şagird yerlik müasir binası pedaqoji kollektivin və şagirdlərin istifadəsinə verilib. Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Müəllimlərin qarşısında duran mühüm vəzifələrdən biri yeni məktəb binasında şagirdlərə müasir dövrün tələbləri səviyyəsində təhsil verməkdir. Bunun üçün məktəb binasında hər cür şərait yaradılmışdır. Göstərilən bu cür qayğının müqabilində bundan sonra da qazanılan uğurları davam etdirmək, məktəbin nailiyyətlərini artırmaq lazımdır”.
Hazırda burada təhsil alan 377 şagirdin təlim-tərbiyəsi ilə 57 müəllim və tərbiyəçi məşğul olur. Müəllimlərdən 1-i “Tərəqqi” medalı ilə təltif olunmuş, 4-ü “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adına layiq görülmüş, 2-si isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibidir.
Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada 29 sinif otağı, laboratoriyalar, elektron lövhəli siniflər, kompüter və müəllimlər otaqları, idman zalı vardır. Muxtar respublika məktəblərində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi təhsilin məzmunca yeniləşməsinə səbəb olub. Tədrisin yüksək səviyyədə qurulması üçün liseyə 49 kompüter verilib, onlardan 1-i kitabxanada, 48-i isə kompüter siniflərində quraşdırılıb və internetə çıxışları təmin edilib, 4 elektron lövhəli sinif yaradılıb. Bunlardan ikisi şahmat otağıdır.
Liseydə klassik və müasir Azərbaycan, həmçinin dünya ədəbiyyatı nümunələri ilə zəngin kitabxananın olması şagirdlərin biliklərinin, intellektual səviyyələrinin yüksəldilməsinə geniş imkanlar açıb. Kimya, biologiya və fizika laboratoriyaları tədris avadanlıqları ilə zəngindir. Bu laboratoriyalarda müvafiq fənlər üzrə dərslərin tədrisi yüksək səviyyədə aparılır. İlk tibbi yardım kabinəsi lazımi avadanlıqlar və məlumat stendləri ilə təchiz olunub, burada şagirdlərə ilk tibbi yardımın sirləri öyrədilir. Liseydə musiqi dərslərinin də yüksək səviyyədə tədrisi üçün musiqi otağı yaradılıb, məktəbə piano verilib. Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, milli adət-ənənələrini gələcəyin anaları olan qızlarımıza aşılamaq üçün liseydə xalçaçılıq, tikiş-toxuculuq və kulinariya dərnəkləri fəaliyyət göstərir. Dərnəklərin keçirilməsi üçün xüsusi olaraq əmək kabinəsi, xalçaçılıq otağı yaradılıb. Liseydə fakültativ və dərsdənkənar məşğələlərin hesabına mənəviyyat dərsi tədris olunur. Bu dərslərin keçilməsində məqsəd qızlarımıza əsl insani keyfiyyətləri, azərbaycanlı xanımına məxsus mənəvi dəyərləri aşılamaqdır. Burada vaxtaşırı diskussiyalar, seminarlar keçirilir ki, bu da şagirdlərdə nitq mədəniyyətini və dünyagörüşünü formalaşdırır.
Liseydə müvafiq qurğularla təchiz olunmuş idman zalı var. Şagirdlər burada həm fiziki tərbiyə dərslərinin tədrisi, həm də dərsdənkənar idman məşqləri ilə məşğul olurlar.
Muxtar respublikamızda təhsilə göstərilən yüksək dövlət qayğısının nəticəsidir ki, liseydə hər il ali məktəblərə qəbul imtahanında yüksək bal toplayan şagirdlərin sayı artır. Son 5 il ərzində məktəbin məzunlarından 49-u 500-700 intervalında bal toplayıb. Lisey fəaliyyətə başlayandan məzunlardan 5-i “Qızıl”, 3-ü isə “Gümüş” medala layiq görülüblər. 2016-2017-ci tədris ilinin məzunu Günnar Fərəcova ali məktəblərə qəbul imtahanlarında 691 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb və topladığı bala görə muxtar respublika birincisi olub. Ötən tədris ilində liseyi 42 məzun bitirib. Məzunlardan 1-i “Gümüş” medala, 7-si fərqlənmə attestatına layiq görülüb, 13 nəfər 500-700 intervalında bal toplayıb. Liseyin uğurlarının ilbəil artmasının nəticəsidir ki, muxtar respublikada bu təhsil ocağı yüksək nüfuz qazanmışdır. Hər il liseyə müraciət edənlərin sayı əvvəlki illərə nisbətən daha da artmaqdadır. Hazırda liseyə sənəd qəbulu davam edir.
Bu gün muxtar respublikamızda təhsil sahəsində davamlı olaraq həyata keçirilən islahatlar bir daha əmin olmağa əsas verir ki, müasir təhsil sistemi özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəkdir. Naxçıvan Qızlar Liseyinin kollektivi də həmin inkişafa öz töhfəsini vermək üçün bundan sonra da təhsilin keyfiyyətinə nəzarəti gücləndirəcək, savadlı, müasir və dünyagörüşlü azərbaycanlı qızların yetişməsində səyini artıracaqdır.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti