Dünən Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Məktəbəqədər tərbiyə müəssisələrində kurikulumların tətbiqinin məqsəd və vəzifələri” mövzusunda seminar keçirilib.
Seminarı giriş sözü ilə institutun prorektoru Azad Novruzov açaraq qeyd edib ki, Naxçıvan Müəllimlər İnstitutu muxtar respublikada məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə kadr hazırlığı aparan yeganə ali təhsil müəssisəsi kimi yaradılmış şəraitdən istifadə edərək öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır. Bildirilib ki, məktəbəqədər təhsil pilləsində uşaqların təhsil alması təlim-tərbiyə işinin daha səmərəli qurulmasını tələb edir. Bu zaman psixologiya, pedaqogika, sosiologiya, biologiya və digər elmlərin nailiyyətlərinə, milli mədəniyyətə, adət-ənənələrə, eləcə də müasir dünya təcrübəsinə istinad olunması zəruri hesab edilir. Yeni məzmuna görə, məktəbəqədər müəssisələrdə köhnə təlim modelindən imtina zəruridir. Standartlar pedaqoji prosesdə tərbiyəçi-müəllimlərdən yeni iş formalarına müraciət etməyi tələb edir.
Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Təhminə Mustafayeva çıxış edərək muxtar respublika paytaxtında məktəbəqədər tərbiyə müəssisələrində yaradılmış şəraitdən və dövlətimizin bu sahəyə olan diqqət və qayğısından danışıb.
Seminarda Naxçıvan Müəllimlər İnstitutunun müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyeva, Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimləri Tamara Baxşəliyeva, Solmaz Cabbarova çıxış ediblər.
Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti