23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən “Həkimlərin etik davranışları” mövzusunda konfrans keçirilib.
Konfransı giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq muxtar respublikada səhiyyənin müasir vəziyyəti və inkişafı istiqamətində görülən tədbirlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva “Tibb fakültəsi: tələbələr və həkim deontologiyası” mövzusunda məruzəsində bildirib ki, əhalinin sağlamlığının qorunması dövlətin öz vətəndaşlarına göstərdiyi xüsusi qayğıdan irəli gəlir. Bunun həyata keçirilməsində həkimin peşəkar fəaliyyətinin və mənəvi mövqeyinin rolu böyükdür. Buna görə də həkimlərin fəaliyyətinin səmərəliliyinin artırılması, onlara ictimai etimadın yüksəldilməsi üçün etik davranış qaydalarının müəyyən olunması vacib və əhəmiyyətli məsələlərdən biridir.

“Həkimlərin etik davranış qaydaları” mövzusunda məruzə edən Səhiyyə Nazirliyinin şöbə rəisi ­Səmayə İbrahimova qeyd edib ki, bu il iyunun 29-da Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin əmri ilə “Həkimlərin etik davranış qaydaları” təsdiq edilərək icraya götürülüb. Bu qaydalar səhiyyə qanunvericiliyini, insan hüquqlarını, demokratik prinsipləri və ümumi etik davranışları rəhbər ­tutur.
Konfransda Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov “Tibbi etika: qayda və prinsiplər” və universitetin Müalicə işi ixtisası üzrə VI kurs tələbəsi Əminə Seyidzadə “Həkim-xəstə və həkim-cəmiyyət arasındakı etik münasibətlər” mövzularında məruzə ediblər.
Vurğulanıb ki, həkim-xəstə münasibətləri həkimlik etikası və ­bioetikanın başlıca problemidir. Həkimin etibarlılığı, sənətinə vicdanla yanaşması, xeyirxahlığı, xəstəyə fərdi yanaşması müalicənin mühüm şərtləri sırasındadır.
Konfransın sonunda universitet tərəfindən Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatova və konfransda iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

Nərmin Cabbarova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR