Naxçıvan şəhərindəki Gənclər Mərkəzində keçirilən yeniyetmələr arasında “Nuh yurdu” intellektual oyununun Naxçıvan Muxtar Respublika birinciliyi başa çatıb.
İntellektual oyun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, muxtar respublikanın Gənclər və İdman, Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
İntellektual oyunda rayon və şəhər birinciliklərində qalib olan 8 komanda iştirak edib. Oyun yarımfinal və final mərhələsindən ibarət olub.
“Lider”, “Qeyrət qalası”, “Odlar yurdu” və “Nuh yurdu” komandaları finala vəsiqə qazanıblar.
Oyunun yekun nəticəsinə görə, Culfa rayonunun “Odlar yurdu” komandası I, Naxçıvan şəhərinin “Lider” komandası II, Şərur rayonunun “Nuh yurdu” komandası isə III yerə çıxıblar.
Qalib gələn komandalara təşkilatçıların kubok, diplom, fəxri fərman və oxunması zəruri olan kitablardan təqdim edilib.
Qeyd edək ki, qalib komandalar dekabr ayında Qəbələ şəhərində yeniyetmələr arasında keçiriləcək V Azərbaycan çempionatında muxtar respublikanı təmsil edəcəklər.
Ceyhun MƏMMƏDOV