Naxçıvan Dövlət Universitetində Vəliyəddin Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov alimin müasir Azərbaycan elm və təhsil tarixindəki yerindən, dilçilik elminin inkişafındakı xidmətlərindən, universitetdəki səmərəli elmi-pedaqoji fəaliyyətindən bəhs edib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Qənirə Əsgərova alimin həyat və fəaliyyəti ilə bağlı məruzəsində onun ömür yolundan, dilçilik sahəsində böyük bir məktəb yaratmasından, indiki Azərbaycan dilçiliyi kafedrasının formalaşmasındakı xidmətlərindən danışıb.
“Vəliyəddin Əliyev və klassik Azərbaycan ədəbiyyatı” mövzusunda məruzə edən filologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli konfrans iştirakçılarına görkəmli alimin yaradıcılığı, zəngin elmi irsi, Azərbaycan ədəbi dil tarixinin inkişafındakı rolu barədə ətraflı məlumat verib.
Filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov “Azərbaycan dilçiliyində təzadlara aydınlıq gətirən alim” mövzusundakı məruzəsində Azərbaycan ədəbiyyatında bədii təsvir və bədii ifadə vasitələri haqda ilk araşdırma müəllifi kimi alimin əməyini xüsusi qeyd edib.
Sonda Vəliyəddin Əliyevin qızı, universitetin Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Rüxsarə Əsədova atası haqda xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Səadət Əliyeva