Bu gün muxtar respublikamızda çox sayda müasir uşaq bağçaları fəaliyyət göstərir. Biz də ara-sıra yolumuzu həmin müəssisələrdən salır, burada yaradılan şərait, uşaqların məktəbəqədər tərbiyə prosesində aldıqları biliklər ilə maraqlanırıq. Ötən günlərdə Naxçıvan şəhərində fəaliyyət göstərən 10 nömrəli uşaq bağçasında olduq.
Qeyd edək ki, bu məktəbəqədər müəssisə üçün yeni bina inşa olunub, 2013-cü il yanvar ayının 14-də fəaliyyətə başlayıb. Həmin gün açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır” fikrini xatırladaraq deyib: “Uşaq bağçasının yeni binasında ölkəmizin gələcəyi olan uşaqların sağlam milli ruhda yetişdirilməsi üçün lazımi şərait vardır. Yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcəkdir. Uşaq bağçalarında cəmiyyət və ölkə üçün yararlı vətəndaş kimi böyüdülən uşaqlar isə orta təhsillərini də müvəffəqiyyətlə başa vuraraq dövlətimizin gələcək inkişafında yaxından iştirak edəcəklər. Ona görə də məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara ilkin biliklərin dərindən öyrədilməsi, onların məktəbə hazırlanması və əsl vətəndaş kimi yetişdirilməsi diqqət mərkəzində saxlanılmalıdır”.
Bağça ilə tanış olarkən müdirə Elnarə Seyidova bildirdi ki, ötən dövrdə onlar fəaliyyətlərini məhz muxtar respublika rəhbərinin dediyi fikirlər əsasında davam etdiriblər. O, qeyd etdi ki, 242 yerlik binada uşaqların hərtərəfli inkişafı üçün bütün imkanlar vardır. Uşaq bağçasında 11 qrup fəaliyyət göstərir. Onlardan 3-ü 1-3 yaş arası uşaqlar üçün, 8-i isə 3-6 yaş arası uşaqlardan ibarət məktəbəhazırlıq qruplarıdır. Binada hər qrup üzrə ayrıca yataq və oyun otaqları, tədbirlər və şənliklər zalı, tibb otağı, metodik kabinə, mətbəx, camaşırxana, dərzi, valideyn və iş otaqları vardır. Bağçada uşaqların təlim-tərbiyəsi ilə 21 tərbiyəçi müəllim məşğul olur. Burada uşaqlara hesab, təsviri fəaliyyət, idman və musiqi məşğələlərində yaş səviyyəsinə uyğun bilik, bacarıq və vərdişlər aşılanır. Onların nitqinin inkişaf etdirilməsi, bədii ədəbiyyatla tanış olmaları diqqət mərkəzində saxlanılır. Təlim prosesində əyani vasitələrdən istifadəyə xüsusi önəm verilir. Bağçada uşaqların qidalanması prosesinə ciddi diqqət yetirilir. Günün rejim qaydalarına uyğun olaraq uşaqların sağlam böyüməsinə kömək edən qidalar menyuya əlavə edilir, xüsusilə Naxçıvanda istehsal olunan ekoloji təmiz ərzaq məhsullarından istifadəyə üstünlük verilir.
Bağçada mütəmadi olaraq ilin əlamətdar günləri ilə əlaqədar tədbirlər keçirilir, uşaqlarla maarifləndirici söhbətlər aparılır. Həmçinin onların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün müxtəlif bilik yarışları təşkil olunur.
Bağçada olduğumuz müddətdə uşağını buraya həvalə edən valideynlərlə də söhbət etdik. Balaca Səidin valideyni Anar Qasımov bağçadakı şəraitdən razılığını bildirdi:
– İlk vaxtlar övladımı buraya gətirməyə tərəddüd edirdim. Çünki keçmişdəki yararsız vəziyyətdə olan uşaq bağçaları xatirimə gəlirdi. Ancaq bu gün dövlətimiz tərəfindən müasir standartlar səviyyəsində hər cür şəraitə malik uşaq bağçaları tikilib istifadəyə verilir. Bütün bunlar gələcəyimiz olan uşaqların hərtərəfli inkişafına imkan yaradır. Artıq mən də övladımı bu bağçaya gətirirəm. Burada onun düzgün qidalanması təmin edilir, istirahət rejimi baxımından hər cür şərait yaradılır. Bağçada uşaqların sağlamlıqlarına da xüsusi diqqət yetirilir. Bu məqsədlə onlar mütəmadi olaraq tibbi müayinədən keçirilir. Uşaqların bilik və bacarıqlarını inkişaf etdirmələri üçün müxtəlif məşğələlər təşkil edilir. Biz valideynlər də həmin məşğələlərə dəvət olunur, övladlarımızın nələri öyrəndiyinin şahidi oluruq. Yaradılan şəraitə görə dövlətimizə, qayğıkeş münasibətə görə isə bağça kollektivinə minnətdaram.
Digər bir müsahibim isə iki övladını bağçaya gətirən Türkanə İsgəndərlidir. O da, öz növbəsində, deyir:
– Bağçaya ilk gəldiyimizdə bizi mehribanlıqla qarşılayıb yaradılan şəraitlə tanış etdilər. Ertəsi gün övladımız Münəvvərin sənədlərini hazırlayıb bağçaya təqdim etdik. Övladımızı bağçaya yazdırdığımız gündən rahatıq. Çünki bilirik ki, burada qayğı ilə böyüyür, tərbiyə alır, vətəninə layiqli övlad kimi yetişdirilir. Yeməyi vaxtlı-vaxtında verilir, sağlamlığına da ciddi nəzarət olunur. Bütün bunlar digər övladımız Xəzəri də buraya gətirməyimizə səbəb olub. İndi hər iki övladımız bağçada, əmin əllərdədir. Bütün bunlar bir valideyn kimi bizi çox sevindirir.
Bəli, bu gün yüzlərlə körpə fidan muxtar respublikada yaradılmış geniş imkanlara malik yaraşıqlı uşaq bağçalarında təlim-tərbiyə alır, gələcəyə inamla addımlayırlar. Yaradılan imkanlar isə dövlətimizin qayğısından xəbər verir.
Nail ƏSGƏROV