23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə “Naxçıvan xanlığının bayraqları” mövzusunda açıq dərs keçilib.
Naxçıvan Musiqi Kollecinin bir qrup tələbəsinin iştirakı ilə keçilən dərsdə mərkəzin elmi katibi Emin Məmmədov bildirib ki, qədim zamanlardan bütün dövlətlərin özünəməxsus simvolları, rəmzləri olub və həmin rəmzlər hər bir ölkənin tarixi və dövlətçilik ənənələrində xüsusi yerə malikdir. Zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın ərazisində yaradılan bir sıra dövlətlərin də özünəməxsus bayraqları olub. Bu baxımdan 1747-ci ildə əsası Kəngərli tayfasının başçısı Heydərqulu xan tərəfindən qoyulan Naxçıvan xanlığı daha çox diqqəti cəlb edir.
Qeyd olunub ki, ötən illərdə Naxçıvan xanlığının bayraqları Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, bayraqşünas Pərvin Gözəlov tərəfindən Sankt-Peterburq şəhərinin Ermitaj Muzeyinin bayraq fondunda və arxivində aparılan elmi tədqiqatlar nəticəsində aşkar­lanıb. Naxçıvan xanlığının bizədək gəlib çatan bayraqlarından biri 1812-ci ilin 19-20 oktyabrında Aslandüz döyüşündə general-mayor Pyotr Kotlyarevski tərəfindən qənimət kimi götürülmüş döyüş bayrağıdır. Dövlət bayrağı isə 1827-ci ildə xanlığın işğalı zamanı general Paskeviç tərəfindən qənimət kimi əldə edilmiş bayraqdır. Həmin bayraq bu günə qədər müxtəlif xarici muzeylərin fondlarında “XVIII-XIX əsr müsəlman bayrağı” kimi saxlanılıb.

Vurğulanıb ki, qızılı ipəkdən hazırlanmış və bir-birinə üfüqi şəkildə tikilmiş üç parçadan ibarət olan dövlət bayrağının eni 144, uzunluğu 178 santimetrdir. Bayrağın üzərində 6 ədəd səkkizguşəli ulduz və nəbati elementlər əks edilib. Üst zolağın üzərində qızılı saplarla ərəb qrafikası ilə “Qurani-Kərim”in “Səff” surəsindəki “Allah dərgahından kömək, qələbə yaxındır, möminlərə müjdə ver, Ya Məhəmməd” ayəsi həkk edilib.
Döyüş bayrağının uzunluğu 145, eni isə 159 santimetrdir. Moruğu rəngli bayrağın yuxarı sağ tərəfində yerləşən mavi rəngli lövhəcikdə “Bismillah”, sol tərəfində “Qurani-Kərim”dən “əl-Fəth”, bir qədər aşağıda isə “əl-Bəqərə” surələrinin bir hissəsi yazılıb.
Diqqətə çatdırılıb ki, Naxçıvan xanlığına məxsus olan bayraqlar Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində nümayiş etdirilir. Bununla yanaşı, Naxçıvanşünaslıq Mərkəzində Naxçıvan xanlığının bayraqları və bu mövzunu özündə əks etdirən olduqca dəyərli kitablar və arxiv materialları mövcuddur. Bu mövzuda tədqiqat aparan hər bir kəs mərkəzin imkanlarından istifadə edə bilər.
Tədbirin sonunda Naxçıvan Musiqi Kollecinin tələbələri Naxçıvanşünaslıq Mərkəzinin fondları və oxu zalı ilə tanış olublar.

 Ramiyyə ƏKBƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR