23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Turizm-Diyarşünaslıq Mərkəzi tərəfindən məktəblilərin payız tətili ilə bağlı bir sıra mədəni-kütləvi tədbirlər hazırlanaraq həyata keçirilib. Belə tədbirlərin davamı olaraq uşaq, yeniyetmə və gənc turistlərin 4 günlük istirahət müddəti üçün proqram hazırlanıb.

Proqram çərçivəsində payız tətilinin birinci günü məktəblilər üçün Əcəmi seyrəngahında Naxçıvan Rəssamlar Birliyinin üzvü, Əməkdar rəssam Həmzə Sadiqov tərəfindən ustad dərsi keçilib.
Rəssam məktəblilərə ustad dərsinin incəlikləri haqqında məlumat verib, müxtəlif janrlar, dünya rəssamlıq inciləri haqda danışıb. Həmzə Sadiqov Açıq Səma Altında Muzeyi seçərək bu muzeydəki eksponatların eskizlərini yaradıb, məktəblilərə bu eskizlərin tabloya köçürülməsi qaydaları haqqında məlumat verib. O, gənc turizm həvəskarlarına rəngkarlığın sirləri, əsərin işlənmə texnikası barədə də danışıb. Burada məktəblilər öyrəniblər ki, əvvəlcə bütöv obyektlərin və fonun rənglənməsi, kompozisiya bitdikdən sonra isə əsərin kiçik elementlərinin işlənilməsi vacibdir. Turizmə həvəs göstərən uşaqların mənzərə janrında rəsmlər çəkməyi öyrənmələri məqsədəuyğundur.

Sonra Həmzə Sadiqov ustad dərsi zamanı çəkdiyi tablonu muxtar respublika Turizm-Diyarşünaslıq Mərkəzinin üzvlərinə hədiyyə edib. O, əminliyini bildirib ki, bu dərsdən sonra uşaqlar rəssamlıq sənətinə, ümumilikdə isə incəsənətə daha çox maraq göstərəcəklər.
Turizm-Diyarşünaslıq Mərkəzinin direktoru Murad Babayevdən aldığımız məlumata görə, tətil günlərində dərnək üzvləri Naxçıvan şəhərindəki görkəmli şəxsiyyətlərin xatirəsinə ucaldılan abidələrlə tanış olub, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında bir-birindən maraqlı tamaşalar izləyiblər. Bundan başqa, gənc turizmsevərlərin qədim və müasir memarlıq inciləri ilə tanış olması üçün Naxçıvan şəhərində gəzintilər təşkil olunub, onlar tərəfindən muzeylərimizin ziyarət olunması təmin edilib. Tətil günlərinin sonunda isə məktəbli turizm həvəskarlarına təəssüratları ilə bağlı inşa yazılar, esselər yazılması həvalə edilərək bu yazılardan ən yaxşısının müəllifi rəsm ləvazimatı ilə mükafatlandırılıb.
Noyabr ayının 16-dan başlayaraq Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzi tərəfindən uşaqlarda təbiətsevərlik, təbii sərvətlərə qayğı hisslərinin formalaşdırılması məqsədilə ekskursiya və ekspedisiyalar təşkil edilib. Tətilin birinci günü məktəblilər Naxçıvan şəhərindəki Böyük bağda, Əcəmi seyrəngahında, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində, Hüseyn Cavidin ev-muzeyində və Xalça Muzeyində olublar. Adıçəkilən yerlərdə uşaqlara hərtərəfli məlumat verilib, onların Naxçıvan şəhərinin görməli yerləri haqqında fikirləri öyrənilib.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR