Naxçıvan Dövlət Universitetində 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Mənim tələbə dünyam” adlı videomüsabiqəyə yekun vurulub.
Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bu cür tədbirlərin Naxçıvan Dövlət Universitetinin tanıdılması, ümumilikdə, muxtar respublikamızda təhsil üçün yaradılan müasir şəraitin təbliği baxımından əhəmiyyətini qeyd edib. Rektor tələbələri növbəti müsabiqələrdə daha fəal olmağa çağırıb.
Qeyd edək ki, tələbələr tərəfindən çəkilən və universitet həyatını, tələbə dünyasını əks etdirən videolarda yaradıcı yanaşma əsas götürülüb. Naxçıvan Dövlət Universitetinin “İnstagram” səhifəsində yerləşdirilmək üçün 20-dən çox video müsabiqəyə təqdim olunub.
Qaliblər universitetin “İnstagram” səhifəsində ən çox bəyənilən 10 video arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə II kurs magistr Gülbani Əliyeva müsabiqənin qalibi olub. Xalq çalğı alətləri ixtisası üzrə I kurs tələbəsi Əsmər İbrahimbəyli II, həmin ixtisas üzrə I kurs tələbəsi Rövşən Rüstəmov III yerləri tutublar. İki tələbə isə həvəsləndirici yerə layiq görülüb.
Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatları ilə təltif olunublar.
Səadət ƏLİYEVA