Naxçıvan Dövlət Universitetinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının IV kurs tələbələri noyabr ayının 10-dan dekabr ayının 27-dək Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində təcrübə keçiblər. Təcrübə müddətinin yekunu olaraq nazirlikdə tələbələrlə görüş olub.
Görüşdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncama əsasən Naxçıvan Dövlət, “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun və Naxçıvan Dövlət Texniki Kollecinin bir sıra ixtisasları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Müvafiq ixtisaslarda təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirilir, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün köməklik göstərilir.
Son illərdə muxtar respublikada yeni texnologiyaların tətbiqi haqqında tələbələrə məlumat verən nazir qeyd edib ki, bu gün heç bir sahəni informasiya texnologiyalarından kənarda təsəvvür etmək mümkün deyil. Dünya təcrübəsi göstərir ki, qısa vaxtda çox, həm də keyfiyyətli nəticə əldə etmək üçün bu sahənin inkişafı və daim yenilənməsi vacib məsələdir. Sözügedən inkişaf isə yalnız peşəkar kadrların hesabına mümkündür. Buna görə də məqsədimiz gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələridir. Bu gün nazirlikdə istehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr təhsillərini başa vurduqdan sonra işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin İqtisadiyyat və mühasibat uçotu şöbəsinin aparıcı məsləhətçisi Hüsniyyə Rəcəbova, Efirə nəzarət və radiotezliklərin qeydiyyatı şöbəsinin baş məsləhətçisi Cavid Mustafayev çıxış ediblər.
Tələbələrdən Leyla İsmayılova və Murad Əliyev istehsalat təcrübəsinin əhəmiyyətindən danışıb, yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Tədbirə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov yekun vurub.
Xəbərlər şöbəsi