Naxçıvan Dövlət Universiteti dünyanın ən önəmli təhsil qurumlarından olan Avrasiya Universitetlər Birliyinin (EURAS) üzvü seçilib.
2008-ci ildə İstanbulda təsis edilmiş Türkiyə, Azərbaycan və digər ölkələrin ali məktəblərinin təsis etdiyi Avrasiya Universitetlər Birliyinin məqsədi universitetlər arasında işbirliyini gücləndirmək, yeni layihələr həyata keçirməkdir. Avropa, Asiya və Yaxın Şərq regionlarından olan universitetləri birləşdirən qurumun həyata keçirdiyi layihələr mübadilə proqramları, birgə elmi tədqiqatlar, nəşrlər, təqaüd proqramlarıdır.
Bu münasibətlə universitetdə keçirilən tədbirdə ali təhsil ocağında təhsilin səviyyəsinin daha da yaxşılaşdırılması, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə istifadə olunması, dünyanın, o cümlədən, ölkəmizin qabaqcıl ali təhsil ocaqları ilə əlaqələrin genişləndirilməsi, universitetin beynəlxalq arenada tanıdılması və təbliği istiqamətində işlərin bundan sonra da davam etdiriləcəyi bildirilib.
Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti son illər beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində xeyli irəliləyişlər əldə edib. Universitetin hazırda dünyanın 50-dən çox ölkəsinin 80-dən çox ali təhsil ocağı ilə əlaqələri mövcuddur. Hazırda Naxçıvan Dövlət Universitetində “Mövlana”, Tempus, Erasmus+, Erasmus Mundus proqramları həyata keçirilir.
Səadət Əliyeva