AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitablar Siyahısı”na daxil edilən “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının müzakirəsi keçirilib.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli sərəncamın gənc nəslin vətənpərvərlik, tarixi kökə bağlılıq ruhunda tərbiyə edilməsindəki əhəmiyyətindən bəhs edib.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” kitabının məziyyətlərindən danışan alim bildirib ki, bu nəşr xalqımız üçün əhəmiyyət kəsb edən tarixi məqamları əhatə edir. Kitabda tariximizin bütün dövrləri təhlil olunur.
Qeyd olunub ki, nəşrdə Azərbaycan tarixinə dərindən nəzər salınır, tarixi proseslərə, hadisələrə obyektiv qiymət verilir, elmi-nəzəri təhlillər aparılır. Ümummilli lider Heydər Əliyevin müraciətini Azərbaycan intibahına çağıran sənəd kimi dəyərləndirən tarixçi-alim bildirib ki, həmin müraciət gənc nəsillər üçün mühüm tarixdir və bu tarix gələcək nəsillər tərəfindən daim öyrəniləcək, tədqiq olunacaqdır.
Tədbirdə institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıxəliyev və böyük elmi işçi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov çıxış edərək kitabın bütün azərbaycanlılar üçün əhəmiyyət kəsb edən tarixi, siyasi-ideoloji məqamları əhatə etdiyini vurğulayıblar.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi