Naxçıvan Dövlət Universitetində akademik ombudsmanın təyinatına həsr olunmuş yığıncaq keçirilib.
Tədbirdə ali təhsil ocağının beynəlxalq layihələrdə iştirakından söz açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov AESOP (Advocacy Establishment for Students through Ombudsman Position) – “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsindən söz açıb. Rektor universitetdə bu vəzifənin yaradılmasının Avropa təhsil sisteminə inteqrasiya yolunda mühüm addım olduğunu qeyd edib.
Universitetin akademik ombudsman vəzifəsinə Ceyran Quliyevanın namizədliyi irəli sürülüb. Səs çoxluğu ilə o, universitetin akademik ombudsman vəzifəsinə təyin olunub.
Layihə barədə məlumat verən Xarici tələbələrlə iş üzrə dekan, Universitetin AESOP layihəsi üzrə işçi qrupunun üzvü, dosent Ceyran Quliyeva qeyd edib ki, layihə çərçivəsində universitet əməkdaşları üç ölkədə – Polşa, Portuqaliya və İtaliya universitetlərində fəaliyyət göstərən ombudsman ofisləri, onların iş fəaliyyəti, bu vəzifəni yerinə yetirən nümayəndələrlə tanış olublar. Həmçinin tədbir iştirakçılarına akademik ombudsmanın səlahiyyətləri haqda da məlumat verilib.
Qeyd edək ki, “Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsinə Erasmus+ proqramı çərçivəsində 2016-cı ildən start verilib. Layihədə ölkəmiz üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2 dövlət, 3 özəl universitet və Şərq tərəfdaşlığı ölkələrindən Gürcüstan üzrə 3, Ukraynadan 2 universitet təmsil olunub. Partnyor ölkələr qismində isə hər birindən bir təşkilat olmaqla, Böyük Britaniya, İtaliya, Avstriya, Portuqaliya, Polşa və Finlandiya çıxış edir. 3 il davam edəcək layihənin əsas məqsədi tələbələrin hüquqlarının qorunma mexanizminin yenidən hazırlanması və onların təhsillərinin uğurla başa çatdırılmasının dəstəklənməsi nəzərdə tutulur.
Nərmin CABBAROVA